Sudanın mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparan üsyançı Çevik Dəstək qüvvələri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Port Sudanda Osman Diqnə hərbi hava bazasına və Flaminqo radar stansiyasına hücum edib. SİA Sudan Xəbər Agentliyinə istinadla bildirir ki, hücum edən 11 PUA Sudan HQ tərəfindən zərərsizləşdirilib. Onlardan 7-si xüsusi vasitələrlə ələ keçirilib. Baş vermiş hücum nəticəsində insanlar arasında xəsarət alan yoxdur. Aviabazaya yüngül zərər dəyib.
Qeyd olunur ki, qısa müddətə işini dayandıran Port Sudan aeroportu yenidən xidmətə açılıb.
2023-cü il aprelin 15-dən etibarən Çevik Dəstək qüvvələri Sudan ordusu ilə ölkəyə nəzarət uğrunda mübarizə aparır, nəticədə minlərlə insan həlak olub və dünyanın ən pis humanitar böhranı yaranıb.
BMT və yerli hakimiyyət orqanlarının məlumatına görə, indiyədək 20 mindən çox insan həlak olub, 15 milyon insan isə evlərini tərk edib. Bununla belə, ABŞ alimlərinin araşdırmasına görə, ölənlərin sayı 130 minə yaxındır.