“The Telegraph” Cənubi Qafqazdakı sülh prosesinə dair məqalə dərc edilib

4 May 2025 17:59 (UTC+04:00)

Britaniyanın ən nüfuzlu nəşrlərindən biri olan “The Telegraph” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün diqqətimizi keçmişə deyil, gələcəyə yönəltməliyik” sərlövhəli məqaləsi dərc edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalından azad edildikdən sonra bölgədə köklü dəyişikliklərin baş verdiyi qeyd olunub. Bildirilib ki, bu dəyişikliklərin böyük hissəsi Cənubi Qafqazda davamlı sülhə və region ölkələri arasında qarşılıqlı əlaqəyə doğru yönəlib. Regional əməkdaşlıq və enerji təhlükəsizliyinin əsas təşəbbüskarı olan Azərbaycan müharibə bitdikdən dərhal sonra Ermənistanla sülh müqaviləsi üzrə əsas prinsipləri irəli sürən tərəf olub.

Məqalədə xüsusilə vurğulanıb ki, hərbi sahədə qəti üstünlük qazandıqdan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi və münasibətlərin normallaşdırılmasını, o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin yenidən açılmasını təklif edib. Ermənistan isə son beş ildə yazılı şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq sülh prosesini ləngidib. Əslində, iki ölkə arasında yekunlaşdırılmış sülh müqaviləsi mətninin əsasında Azərbaycanın əvvəldən irəli sürdüyü və Ermənistanın bu yaxınlara qədər razılaşmadığı şərtlər dayanır.

Qeyd olunub ki, mətn üzrə yekun razılıq mühüm bir mərhələdir. Bu, tərəflər arasında heç bir xarici müdaxilə olmadan aparılan birbaşa danışıqların uğurunu göstərir və ATƏT-in Minsk qrupunun səmərəliliyini tamamilə itirdiyini deməyə əsas verir.

Məqalədə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddilarına diqqət çəkilib və bu müddəaların sülh istiqamətdə əsas maneə olaraq qaldığı bildirilib. Sülh müqaviləsinin mətnində əksini tapan ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət prinsiplərinin Ermənistanın konstitusiyası ilə açıq şəkildə ziddiyyət təşkil etməsi vurğulanıb. Azərbaycanla hər hansı sülhə qarşı çıxan erməni siyasi qüvvələrinin beynəlxalq hüquqla tanınmış torpaqlarımıza iddialarını məhz həmin konstitusiya ilə əsaslandırmağa çalışdığı qeyd olunub.

Məqalənin davamında Ermənistanın xaricdəki siyasi lobbi qruplarının destruktiv roluna və bəzi Qərb siyasətçilərinin məsələyə qərəzli yanaşmasına diqqət çəkilib. Qeyd olunub ki, xaricdəki erməni siyasi qruplar Azərbaycanı və Türkiyəni daimi hədəfə çevirməklə ideoloji mübarizəni davam etdirirlər. Onlar üçün Ermənistan bir alət rolunu oynayır, nəinki dövlət. Bu yolda onlar tək deyillər və bir sıra Qərb siyasətçiləri də sülh istiqamətində hər hansı irəliləyişi qəbul etmək istəmir.

Bu xüsusda Britaniyanın Lordlar palatasının üzvü Lord Altonun sözügedən qəzetdə dərc edilmiş ən son məqaləsində qeyd olunmuş iddialara cavab verilib. Bildirilib ki, Lord Alton Moskvadan qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə göndərilərək separatçıların başçısı kimi fəaliyyət göstərmiş Ruben Vardanyanı müdafiə edir və onun Ukraynada müharibəni dəstəklədiyinə görə sanksiyaya məruz qaldığını, Azərbaycana qarşı zorakılıqlara şəxsən rəhbərlik etdiyini unudur. Lord Alton hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan Vardanyan və digərlərinin “ədalətsiz şəkildə saxlanıldığını” iddia edir. Halbuki BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarları ilə məhkəmənin keçirilməsi hüquqi baxımdan əsaslı sayılmış, məhkəmənin açıq və şəffaf şəkildə aparıldığını və təqsirləndirilənlərə qarşı qeyri-insani rəftarın olmadığını təsdiqləyib. Lord Altonun Ermənistanın onilliklər boyu beynəlxalq hüququ pozmasına bəraət qazandırmaq üçün Ermənistanın “ilk xristian dövləti” olması klişesindən istifadə edir. Bu iddianın əsassız olduğunu nəzərə almasaq belə, bu gün bir dövlətin qeyri-qanuni hərəkətlərinə əsrlər öncə qəbul etdiyi dini seçimlə bəraət qazandırmağın absurd olduğu vurğulanıb. “Bu məntiqlə müasir Britaniyanı da 1800 il əvvəl Londiniumda (indiki London) romalıların nə etdiyinə görə qiymətləndirək?”, - deyə ritorik sual verilib.

Məqalənin sonunda Papa Fransiskin illər öncə ölkəmizə səfəri zamanı söylədiyi fikirlərə istinad olunub. Papa Fransiskin Azərbaycanın mədəni müxtəlifliyini və inklüzivliyini təqdir etməsi, iki xalq arasında ayrı-seçkilikdən və ikili standartlardan uzaq, gerçək və ədalətli bir sülhə çağırış etməsi qeyd olunub, bunun ən yaxşı seçim olduğu vurğulanıb.

Məqaləni ətraflı linkə keçid etməklə oxumaq mümkündür.