Şahzadə Harrinin Kral III Çarlzla bağlı müsahibəsi tənqidlərə səbəb olub

4 May 2025 08:31 (UTC+04:00)

Sasseks hersoqu Şahzadə Harri atası Kral Çarlzın səhhəti ilə bağlı verdiyi açıqlamaya görə ciddi tənqid hədəfinə çevrilib. SİA xəbər verir ki, o, “BBC”yə verdiyi müsahibədə “atamın nə qədər vaxtı qaldığını bilmirəm” deyərək, kral ailəsi ilə münasibətləri və şəxsi hüquqi mübarizəsi barədə danışıb.

Sasseks hersoqu bildirib ki, Kral III Çarlz onun təhlükəsizlik məsələlərinə dair hüquqi iddiasına görə onunla danışmaqdan imtina edir. Harrinin kral ailəsindən uzaqlaşmasından sonra təhlükəsizlik tədbirlərində edilən dəyişikliklər məhkəmə çəkişməsinə səbəb olub və o, bu mübarizəni uduzub.

Harri BBC-yə müsahibəsində deyib: “Mən ailəmlə barışmaq istəyirəm. Artıq bu mübarizəni davam etdirməyin mənası yoxdur. Atamın nə qədər vaxtı qaldığını bilmirəm”.

Bu sözlər ictimaiyyət və ekspertlər tərəfindən sərt qarşılanıb. Kraliça II Yelizavetanın sabiq mətbuat katibi Ailsa Anderson “Sky News”a açıqlamasında bildirib ki, bu cür açıqlamalar medianı və ictimaiyyəti Kralın sağlamlığı ilə bağlı daha çox suallara sürükləyəcək: “Bu isə gələcək üçün son dərəcə zərərli və narahatedici bir vəziyyətdir. Əgər siz doğrudan da ailə ilə barışmaq istəyirsinizsə, bunu “BBC News” vasitəsilə deyil, özəl şəkildə etməlisiniz”,- deyə o, bildirib.