“Bavariya” xal itirib, “Borussiya Dortmund” qələbə qazanıb

3 May 2025 23:21 (UTC+04:00)

Bundesliqanın 32-ci turunda Münxenin “Bavariya” klubu “Leyptsiq”in qonağı olub.

SİA xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 3:3. Ev sahibləri 11-ci dəqiqədə Benyamin Sesko və 39-cu dəqiqədə Lukas Klostermanın qolları ilə hesabda irəli çıxıblar. Lakin “Bavariya” ikinci hissədə Erik Dayer (62), Maykl Olise (63) və Leroy Sanenin (84) sayəsində oyunda dönüş yarada bilib. Buna baxmayaraq, “Leyptsiq” əsas vaxta əlavə edilmiş hissədə (90+5) Yussuf Poulsenin qolu ilə məğlubiyyətdən xilas olmağı bacarıb.

Bu turda “Borussiya Mönxenqladbax” – “Hoffenhaym” oyununda da çoxqollu nəticə qeydə alınıb. Görüş 4:4 hesabı ilə başa çatıb. “Union Berlin” öz meydanında “Verder Bremen” ilə “sülh bağlayıb”– 2:2. Bununla da paytaxt təmsilçisi ardıcıl dördüncü oyunda da 1 xalla kifayətlənməli olub. “St. Pauli” ev oyununda “Ştutqart”a minimal hesabla uduzub. Son beş görüşün birini heç-heçə, dördünü isə qələbə ilə başa vuran “Borussiya Dortmund” bu turda da üç xala sevinib. Komanda “Volfsburq”u məğlubiyyətə uğradıb - 4:0.

Tura mayın 4-də keçiriləcək “Auqsburq” – “Holstayn Kiel”, “Frayburq” – Bayer Leverkuzen” və “Maynts” – “Aytraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Bundesliqanın 32-ci turunun açılış matçı – “Haydenhaym” - “Boxum” görüşü qolsuz heç-heçə başa çatıb.

Çempionatın başa çatmasına iki tur qalmış hesabında 76 xalI olan “Bavariya” çempionluğu artıq təmin edib. Belə ki, onun ən yaxın izləyicisi “Bayer Leverkuzen”in aktivində 67 xal var. Leverkuzen təmsilçisi 32-ci tur çərçivəsində sabah “Frayburq”a qalib gələcəyi təqdirdə xal fərqi 6-ya ensə də, “Bavariya” ilə top nisbəti 30 qola yaxın olur.