Mayın 3-də Azərbaycan Dövlət Pantomim Teatrında görkəmli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun eyniadlı əsəri əsasında hazırlanan “Müfəttiş” tamaşası nümayiş olunub.
SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov açıqlamasında bildirib ki, səhnə əsəri əyalətə təsadüfən müfəttişin gəlməsi ilə başlayır. Onun sözlərinə görə, əsərin klassik süjet xətti saxlanılsa da, tamaşada orijinaldan fərqli yanaşmalar ön plana çəkilib.
“Biz bu əsərin sonunda tamaşaçılara gözlənilməz məqam təqdim etdik. Bütün eybəcərliklərin içərisində təmiz bir ruhun varlığını Marya Antonovna obrazı vasitəsilə göstərdik. Səhnə əsəri söz, pantomim, rəqs və akrobatik elementlərin vəhdətində qurulub. Bu vasitələrlə emosional və dinamik bir tamaşa atmosferi yaratmağa nail olduq. Tamaşada hadisələrin təsadüfi deyil, Osip obrazının düşünülmüş davranışları və dəqiq qərarları nəticəsində inkişaf etdiyini görürük”, - deyə quruluşçu rejissor əlavə edib.
Xronometrajı 90 dəqiqə olan tamaşada plastik həll və rəqslərin quruluşu Ceyhun Dadaşova məxsusdur. Səhnə əsərinin rəssamı Xəyyam Səmədov, butafor üzrə rəssamı isə Sənubər Səmədovadır.
“Müfəttiş”də rolları Əməkdar artist Bəhruz Vaqifoğlu, Nurlan Rüstəmov, Əli Əlizadə, Elmin Qiyaslı, Elxan Şahaliyev, Solmaz Bədəlova, Zəhra Hüseynova, Səbirə Həsənova, Jalə Novruzova və digərləri ifa ediblər.