Qədim Romalılar vergi ödəməkdən necə qaçırdılar…

3 May 2025 20:44 (UTC+04:00)

...Bir çox ölkələrdə vergidən yayınma ağır cinayət hesab olunur. Bu fenomen sistemli xarakter alanda həqiqətən dövlət üçün çox təhlükəli problemə çevrilir. Maraqlıdır ki, vergi öhdəliklərindən qaçmaq üçün ağıllı sxemlər xüsusilə müasir bir şey deyil.

SİA-nın məlumatına görə, “The New York Times” yazır ki, hətta Qədim Romada insanlar öz sestersiyalarını dövlətdən gizlətmək üçün mürəkkəb "sxemlər" hazırlayırmışlar.

…20-ci əsrin ortalarında Yəhudi səhrasında papirus tumarı tapılıb, onun məzmunu bu yaxınlarda Vyana Arxeologiya İnstitutunun tədqiqatçıları tərəfindən deşifrə edilib.

Bunun prokurorun hazırlıq məktubu və vergidən yayınma işi üzrə məhkəmə iclasının tələsik tərtib edilmiş protokolu olduğu üzə çıxıb.

Sənədə əsasən, Romanın ucqar əyalətləri olan Yəhudeya və Ərəbistanın iki sakini (təxminən müasir İsrail və İordaniyaya bərabərdir) sadə banditizmdən tutmuş saxta qul satışına qədər bir çox iqtisadi cinayətlərdə ittiham olunurdular.

Hadisələr təxminən eramızın 130-cu ili Hadrianın hakimiyyəti dövründə baş verib.

Sənədə əsasən, Yəhudeya əyalətinin sakini Saulos adlı şəxs qonşu Ərəbistan əyalətində yaşayan Hereas adlı şəxsə bir neçə qulun uydurma satışını təşkil edib.

Dövrün Roma qanunlarına görə, qullar başqa əyalətə satıldıqda, onlar satıcının əmlakından nominal olaraq çıxarılırdı.

Lakin Saulonun qulları alıcıya göndərilməyib, Yəhudeyada qalıb. Öz növbəsində, alıcı Hereas, Ərəbistan əyalətində yeni “mülk” elan etməyib.

…Beləliklə, kağız üzərində qullar Yəhudeyada yoxa çıxıblar, lakin heç vaxt Ərəbistana gəlməyiblər və Roma idarəçiləri üçün görünməz olublar. Bundan sonra bu qullara düşən bütün vergilərdən qaçınmaq olardı,- deyə tumarın şifrəsini açan Avstriya Arxeologiya İnstitutunun Roma İmperiyası üzrə mütəxəssisi Anna Dolqanova izah edib.

Sxem iştirakçıları öz hərəkətlərinin qanunsuzluğunu gizlətmək üçün köçürmə veksellərini və digər sənədləri də saxtalaşdırıblar.

Tarixçilər üçün bu tumar böyük maraq doğurub, çünki orada qədim Roma məhkəmə sisteminin necə işlədiyinə dair çoxlu məlumatlar var idi.

Dolqanovanın sözlərinə görə, onu ən çox təəccübləndirən Roma prokurorlarının peşəkarlığı olub. Onlar Siserona layiq olan ağıllı ritorik strategiyalardan istifadə ediblər və Roma hüquqi termin və anlayışlarına mükəmməl hakim olduqlarını nümayiş etdiriblər.

…Bura Roma İmperiyasının kənarıdır və biz Roma hüququnu başa düşən yüksək ixtisaslı hüquqşünasları görürük, - doktor Dolganova bildirib.

Təəssüf ki, papirusda iş üzrə hansı hökmün çıxarıldığı göstərilmir. Amma çox güman ki, cinayətlərinin birləşməsini nəzərə alsaq, onları ölüm cəzası gözləyirdi: ən yaxşı halda baş kəsmək; ən pis halda arenada bəbirləri yemləmək…

Əli Babayev