"Son günlər dünyanın siyasi gündəliyinə Hindistanla Pakistan arasında hərbi gərginliyin artması məsələsi çox ciddi yer alıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycan üçün önəmli olan odur ki, tərəflərdən biri Pakistan Azərbaycanın dostu, qardaşı, strateji müttəfiqidir: "Pakistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Azərbaycanla qardaşlıq münasibətlərini önə çəkən ölkə olub. Bu gün Pakistanın qarşılaşdığı məsələ Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz. Görünən odur ki, Hindistanda baş verən terror hadisəsi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Ancaq maraqlı tərəfi isə ondan ibarətdir ki, terror törədənlər hələ tapılmayıblar. Kimlərin bunu etməkdə əli olduğu müəyyənləşməyib. Bu müəyyənləşmədən Hindistan Pakistanı ittiham edir, onunla münasibətləri gərginləşdirir. Eyni zamanda Hindistandan Pakistana gedən su mənbələrinin qarşısını kəsib. 250 milyonluq bir ölkə sudan məhrum edilir. Bu nə insanlığa, nə də beynəlxalq hüquq normalarına sığmayan məsələdir. Həmçinin hərbi qarşıdurma təhlükəsi də hər gün artır. Biz münaqişənin tezliklə diplomatik yolla həll edilməsinin tərəfdarıyıq. Eyni zamanda Azərbaycan ictimaiyyəti bu gün ürəyi ilə Pakistanın yanındadır. Biz Pakistana səbr, bu problemdən öz şərəfli adını, nüfuzunu qoruyaraq çıxmasını arzulayırıq. Həmişə dostumuz, qardaşımız Pakistanın yanındayıq".