Qiymətləndiricilər Palatası və Mediasiya Şurasının rəhbərləri əməkdaşlığa dair razılıq əldə ediblər. SİA Palataya istinadən xəbər verir ki, bu gün Azərbaycan Qiymətləndiricilər Palatasının Ofisində Palata Rəhbərliyi ilə Mediasiya Şurasının rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə hər iki təşkilatı sədrlər Nüsrət İbrahimov və Nadir Adilov təmsil ediblər. Görüş zamanı hər iki qurum arasında birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri və formaları müzakirə olunub.
Mediasiya Şurasının sədri Nadir Adilov iki qurum arasındakı əməkdaşlığın əmlakla bağlı mediasiya prosesinə ciddi töhfə verə biləcəyini diqqətə çatdırıb. N.Adilov qeyd edib ki, bu qurumlar arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı ekosistemin inkişafına da müsbət təsir göstərə bilər.
N. İbrahimov qeyd olunan istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O qeyd edib ki, yeni yaranan təşkilat olaraq bu cür görüşlər Palatanın inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Tərəflər arasında birgə əməkdaşlığın işçi qruplar səviyyədə intensiv şəkildə davam etdirilməsi razılaşdırılıb. Görüşdə Qiymətləndiricilər Palatasının sədr müavinləri, Mediasiya Şurası Sədrinin müşaviri, Mediasiya təşkilatları, Qiymətləndirici Şirkət rəhbərləri iştirak ediblər.