"Şərhçilərimiz futboldan kənar danışır" - SORĞU

1 May 2025 16:52 (UTC+04:00)

İdman kanallarımızı izləyərkən şərhçi-icmalçının parazit sözlərindən, vulqar ifadələrindən bezən tamaşaçı oyun başlayan kimi “nə deyir ə, o!?” deyinərək, qaş-qabağını turşudur, mısmırığını sallayır və tezcə kanalı dəyişir. Şərhçilərimiz bu cür şit və çiy ifadələrdən geninə-boluna istifadə edərək, izləyiciləri əməlli-başlı bezdirir, olan-qalan azartı, bütün oyun marağını yerli-dibli məhv edirlər. Bu mövzu ilə bağlı SİA şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Eldar Həsənov: “Hansı sahə olursa-olsun, istər musiqi, istər idman və ya digər sahələrdə aparıcının özünün səriştəsi olmalıdır. Bu sənəti oxuyub, bitirən adam olmalıdır. Yəni bir sözlə bu işə bələd olan, işinin peşəkarı olan adam olmalıdır. Məsələn, Sovetin vaxtında bizim gözəl idman və futbol şərhçilərimiz olub. Bunlara misal olaraq Kote Maxaradze, Nikolay Ozerov, bizim şərhçilərimizdən Çingiz İsmayılov maraqlı verilişlər və futbol oyunları aparıb. Bu sadaladıqlarım hamısı öz dövrünün möhtəşəm idman aparıcıları olub. Onlar futbolu da yaxşı bilirdilər, oyunçuları da yaxşı tanıyırdılar. Onlar həm də futbolun taktikasını və strategiyasını çox yaxşı bilirdilər. Düzdür, indiki şərhçilərimiz də yaxşıdı və çox narazılıq etmirəm. Amma bəzən oyunun gedişatını insanlara çatdıra bilmirlər. Amma keçmiş aparıcılar elə idi ki, oyunun başlamağı ilə oyunun sonunu sanki bilirdilər. Çünki onlar oyunu hiss edirdilər və bilirdilər. Lakin açıb ağartmırdılar. İndiki şərhçilərimizdən xahiş edirəm ki, oyunu daha səriştəli aparsınlar, daha təcrübəli olsunlar”.

Şəhər sakini Mirzəcan Salmanov: “Şərhçilərimizin əlbəttə ki, danışıqlarındakı norma pozuntuları sözsüz ki, yolverilməzdir. Həmin futbol insanlara televiziya vasitəsilə böyük kütləyə çatdırılır. Fikrimcə, daha yaxşı onların hansısa təlim və ya tədris prosesindən keçərək oralara gəlirlər. Onların oyunları düzgün şərh etmələri və daha düzgün nitqinin inkişaf etdirilməsi onlara öyrədilə bilər. Amma bununla belə, artıq biz görürük ki, əvvəllər şərhçilərimizdə heç ümumiyyətlə həvəs belə yox idi. Amma son dövrlərdə bir həvəs artıb. Sanki daha maraqla oyunları şərh edirlər. Düzdür, danışıqlarında müəyyən problemlər ola bilər, lakin insanların oyunlara olan marağı onların sayəsində artıb. Əvvəllər xarici kanallardan oyunu izləyirdiksə indi öz idman telekanallarımızdan oyunları həvəslə izləyirik. Bu isə həqiqətən də bizim idman telekanllarının inkişafının olduğunu göstərir. Özüm də bir gənc olaraq futbolu sevirəm və bütün Azərbaycan gəncləri də fikrimcə, futbolu sevirlər”.

Şəhər sakini Yaşar Mehdizadə: “Fikrimcə, bizim şərhçilərimiz bir az daha təcrübəli olmalıdırlar. Xarici telekanalların şərhçilərinin şərhlərini izləməlidirlər. Amma onu da qeyd edim ki, bizim oyunları şərh edən şərhçilərin şərhlərini bəyənirəm. Lakin bir az öz üzərlərində işləsələr daha yaxşı olar. Bir də onlardan xahiş edirəm ki, oyunçuların adını düzgün desinlər. Məsələn, Hari Keynin adını mən bir dəfə eşitmişdim Hərii Keyn deyə səsləndirmişdi. Fikrimcə, bu düzgün deyil”.

Şəhər sakini Soltan Həsənli: “Xaricilərdə bəzən çox danışıqlar qəribə olur. Amma öz şərhçilərimizi daha çox bəyənirəm. Bizim idman şərhçiləri mən bir futbol azarkeşi olaraq deyə bilərəm ki, bizim şərhçilər digər xarici şərhçilərdən heç də geri qalmır”.

Şəhər sakini İsmət İsrafilzadə: “Mən onu deyə bilərəm ki, bu cür səsləndirmələr çox yersizdir. Hansısa bir oyunçunun adını başqa cür demək, mənim fikrimcə, düzgün deyil. Amma bəzi səsləndirmələr var ki, onlara normal baxıram. Əsas odur ki, hansısa bir futbolçu haqqında şərhçi neqativ bir şey deməməlidir. Amma tam olaraq şərhçilərin oyunu şərh etməsi fikrimcə, çox yaxşıdır”.

Şəhər sakini Elgun Novruzov: “Bizim oyunçular daha yaxşı oynadıqda bizim spikerlər də bu hala istər-istəməz sevinir. Bunun da nəticəsi olaraq onlarda istər-istəməz bir az bu sevinc dozasını qaldıra bilir. Amma belə ümumilikdə götürsək bizim şərhçilərimiz oyunları çox gözəl şərh edirlər. Hətta xatırlayıram ki, keçən il "Qarabağ" klubu avroliqada "Braqa" ilə oyunda bizim idman şərhçimiz Ramiz Mirzəzadənin bir sözü sosial şəbəkələrdə günlərcə danışılmışdı. Səhv etmirəmsə o, belə demişdi: “Bitdi bitməyən bu 90 dəqiqə” və bu çox maraqlı bir şərh idi”.

Şəhər sakini Cəlil Həmidov: “Ərəb şərhçilər oyunları daha maraqlı şərh edirlər. Amma bizim şərhçilərin də yaxşıları var. Düzdür, adlarını bilməsəm də, amma səsləri və oyunu şərh etmələri çox gözəldir. Həmçinin keçən il Türkiyənin oyununda Mert Günokun qurtarışını edən bir şərhçimiz var idi. Mən şəxsən onu çox bəyəndim. Amma bəzən olur ki, şərhçilərimiz futboldan kənar danışır və oyun zamanı bayağı şərh edirlər. Fikrimcə, bu olmamalıdır”.