"Prosesə üçüncü dövlətlərin də təsirləri ola bilər" - ŞƏRH EDİLDİ

1 May 2025 14:15 (UTC+04:00)

"İran prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı üçün çox böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, geridə qalan dövr ərzində bizim müxtəlif zəmində soyuqluğumuz, anlaşılmazlıqlar var idi: "Ümumiyyətlə, bu kimi hadisələr qonşuluq siyasətində tez-tez rast gəlinir. İstənilən qonşular arasında fikir ayrılıqları, iddialar yaranır. Bunların üzərindən keçməyi bacarmaq lazımdır. İlk növbədə çalışmaq lazımdır ki, bütün strateji resursların hamısı enerji, quruculuq potensialı nəcib işlərə sərf olunsun. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla İranın bu zəmində çox böyük üstünlüyü var. Bütün gərgin vəziyyətlərə baxmayaraq istəyimiz ondan ibarətdir ki, qarşıdan gələn dövrdə həm mal dövriyyəsini artıraq, sonra birgə layihələri uğurla həyata keçirək. Digər tərəfdən də lazım olan regional çağırışların qarşısında həmahəng çıxış edək. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyevin yeni təşəbbüsü üzə çıxdı. Söhbət "3+3" formatından gedir. İran rəsmən bu formata öz razılığını bildirdi. Niyyətlər də üst-üstə düşür. Çünki həm Bakının, həm Tehranın hədəfləri ondan ibarətdir ki, bölgədə yaranan problemlərin hamısı bölgə dövlətlərinin iştirakı ilə həllini tapsın. Çünki özgələr gələndə özləri ilə həm də dağıdıcı işlər gətirirlər. Bəzi hallarda düşmənçilik baxımından da yeni təhdidlər törədirlər, təxribatlara yol açırlar. Ona görə, Azərbaycanın da, İranın da, qonşuların da niyyəti ondan ibarətdir ki, Qafqaz bölgəsində ortaq imkanlarımız bir nöqtədə birləşsin, kəsişsin ki, problemləri aradan qaldıraq, digər tərəfdən də sabitliyin dirəklərini möhkəmləndirək. Bu, həm də ona görə lazımdır ki, bölgəmizin çox böyük tranzit mahiyyəti var. Uzaq Şərqlə Avropa arasında yerləşərək Orta dəhlizi də birgə səylərlə reallaşdırmağa cəhdlər göstəririk.

Məsələ burasındadır ki, indiki zamanda dünyada çox böyük problemlər keçidlərlə, boğazlarla, dəhlizlərlə bağlıdır. Fövqəl qüvvələr həmişə çalışırlar ki, onların ixtiyarını əllərində saxlasınlar. Amma bir halda ki, bu dəhlizlər, vacib strateji keçidlər bizim ərazilərimizdən xətt salır, keçir, ilk növbədə gərək özümüz onların idarə olunmasında iştirak edək. Çünki heç bir vəziyyət durğun qalmır, hər şey dəyişir. Prezident İlham Əliyevlə, Prezident Məsud Pezeşkianın niyyətləri ondan ibarətdir ki, ölkələr arasında münasibətlər məhsuldar məcraya qədəm qoysun. Digər tərəfdən biz hələ realizə olunmamış potensialları da bütün proseslərə cəlb edək. Çünki bu, ilk növbədə yeni töhfələr gətirir, digər tərəfdən iş yerlərinin açılmasına şərait yaradır. İnsanların rifahında öz təsirini göstərir. Hesab edirəm ki, bu görüşlər çox vacib idi. Bakıda keçən danışıqlar çox vacib danışıqlar idi. Çünki həm də vacib sənədlər imzalandı. Birgə proqramların da həllini yerinə yetirməklə bağlı konkret hesablamalar, fikirlər, ideyalar bir yerə gəlib çıxdı. Düşünürəm ki, dialoq Bakı ilə Tehran arasında çox möhkəm bir impuls aldı. Bu prosesə üçüncü dövlətlərin də təsirləri ola bilər".

"O cümlədən də, Ermənistan heç vaxt istəmir ki, bizimlə İran arasında münasibətlər axarı ilə inkişaf etsin. Amma buna baxmayaraq İran da, biz də birmənalı şəkildə bildiririk ki, ikitərəfli münasibətlər bizim milli maraqlarımıza toxunan işlər olduğu üçün biz onları istənilən təhlükəli, yad təsirlərdən qorumaqda israrlı olacağıq. Bunun üçün də bizim çox böyük imkanlarımız var. Prezident İlham Əliyevin özünün də məramı, İran Prezidentinin də yanaşması ondan ibarət idi ki, biz sözün əsl mənasında strateji tərəfdaşlığın bünövrəsini möhkəmləndirək. Bunun üçün çox böyük zəmin var. Həm İran cəmiyyəti, həm Azərbaycan cəmiyyəti vaxtaşırı öz sorğularını hakim elitalara göndərirlər. İstəklər də ondan ibarətdir ki, münasibətlərimizdə səmimiyyət olsun, anlaşma şəraiti dərinləşsin. Nəhayət, qarşılıqlı etimad da zəifləməsin, əksinə güclənsin. Mənə elə gəlir ki, Bakıdakı danışıqlar, imzalanan sənədlər də məhz bu qayəyə bilavasitə öz müsbət təsirini göstərəcək" - deyə o, əlavə edib.