“Bu gün dünyada işçi qüvvəsi çox ciddi basqı altındadır” - MÜNASİBƏT BİLDİRİLDİ

1 May 2025 11:49 (UTC+04:00)

“Mən indi Cenevrədə BMT-nin binasındayam. Bilirsiniz ki, 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günüdür və BMT tərəfindən elan olunub. Təəsüf ki, bu gün dünyada işçi qüvvəsi çox ciddi basqı altındadır”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

Sahib Məmmədov sözlərinə belə davam edib: “Beynəlxalq həmkarlar hərəkatının çöküşü gedir, işçi hüquqlarını müdafiə edən həmkarlar ittifaqları ya transmilli şirkətlərin, ya da hökümətlərin təsiri altındadır. Ona görə də işçilərin hüquqlarının müdafiəsi getdikcə çətinləşir.

Süni intelektin 5-ci sənayə inqilabının təsirləri nəticəsində işçi əmək bazarında işçilərin kütləvi ixtisarı gedir. Əmək bazarında ciddi transformasiya baş verməkdədir. Ənənəvi işə götürən işçi münasibətlərindən kənar özünəməxsus məsafədən işləmək kimi işlər ortaya çıxmaqdadır. İnsanlar və işçiləri robotlar süni intelektlər əvəz etməkdədir və buna görə də bu qlobal basqı genişlənir. Bu da öz növbəsində sosial gərginliyi artırır və işçilərin hüquqlarını müdafiəsini çətinləşdirir. Bu bütün dünyada belədir. Təəssüf ki, bu Azərbaycan üçün də xarakterikdir və Azərbaycanda da qeyri-formal əmək bazarının həcmi yüksək səviyyədə qalmaqdadır. Baxmayaraq ki, ƏƏSMN və DVX bu istiqamətdə çox ciddi nailiyyətlər əldə ediblər.

Həmkarlar İttifaqı isə işçilərinin müdafiəsində ən zəif yerdədir, yəni müdafiə edə bilmir. Birincisi, kommersiya qurumlarının demək olar ki, əksəriyyətində Həmkarlar İttifaqları yoxdur. Həmkarlar İttifaqı əsasən yalnız dövlət orqanlarında və büdcə təşkillatlarındadır. Özəl sektorda isə qismən. Hətta orda olanlar da işçilərin hüquqlarını müdafiə etmək imkanında deyil”.

Ayşən Vəli