ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask tutduğu vəzifəsindən istefa verdiyini bəyan edib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mask bu barədə Trampın 100 günü ilə bağlı hökumətin iclasında bəhs edib.
Amerikalı iş adamı Ağ Evdə keçirilən iclasda Trampın kabinetində işləməyin şərəf olduğunu deyərək Trampın administrasiyasını tərk etdiyinə işarə edib. Onun çıxışı salonda alqışlarla qarşılanıb.
ABŞ Prezidenti Donald Tramp da çıxış edərək Maska təşəkkür edib:
“Sizə ədalətsiz münasibət göstərildi. Lakin bu ölkədə insanların böyük əksəriyyəti sizə həqiqətən hörmət edir və qiymətləndirir. Bütün otaq bunu çox qəti şəkildə təsdiq edə bilər. Siz həqiqətən böyük kömək etdiniz. Biz çox təşəkkür edirik”.
İclasda daha bir diqqət çəkən məqam isə Maskın iclasda başına üst-üstə iki papaq taxması olub. Birinin üstündə “Amerika Körfəzi”, ikincisi isə DOGE yazısı olub.
Xatırladaq ki, İlon Maskın hökumət vəzifəsini tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ağ Ev isə həmin xəbərləri təkzib etmişdi.