Mahir Məmmədov: Azərbaycan çempionları daim diqqətimizdədir

30 Aprel 2025 20:42 (UTC+04:00)

"Çempionların savaşı" şahmat turnirini təşkil etməklə göstərdik ki, Azərbaycan çempionları daim diqqətimizdədir.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Bakıda keçirilən “Çempionların savaşı” turnirinin bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, fevral ayında baş tutan Azərbaycan çempionatından sonra maraqlı turnir təşkil etmək üzərində işlədiklərini xatırladıb: "Çempionlarımıza əlavə mükafatlar vermək istəyirdik. Yadınızdadırsa, 2009-cu ildə Bakıda Azərbaycan şahmatçıları ilə dünya yığmaları arasında görüş olmuşdu. Həmin vaxt dünya yığması həddindən artıq güclü idi. Rusiyanın paytaxtı Moskva şəhərində 2012-ci ildə dünya şahmat tacı uğrunda turnir təşkil edilmişdi. Bunları nəzərə alaraq, biz də Bakıda "Çempionların savaşı"nı keçirdik. Hər kəs bu ideyamızı dəstəklədi".

Onun sözlərinə görə, Milli Xalça Muzeyini seçməkdə məqsəd bura gələn turistlərə şahmat yarışını da göstərmək olub: "Onlar üçün də maraqlı və müsbət mənada təəccüblü oldu. Düşünürəm ki ölkəmizdən ayrılarkən bunu da öz yaddaşlarında xoş xatirə kimi aparacaqlar. Görüşlər maraqlı baş tutdu. Turnir yoldaşlıq görüşü adı altında təşkil edilsə də, gərgin mübarizə şəraitində keçdi".