Fərdi maşınlar nəqliyyatın hərəkətinə hansı maneələri törədir? - EKSPERT RƏYLƏRİ

30 Aprel 2025 16:49 (UTC+04:00)

“Məlumdur ki, iqtisadiyyat dayanıqlı olduqca, həmçinin əhali sayı artıqca nəqliyyat vasitələrinə də təlabat artır. Artıq işğaldan azad olunmuş ərazilərdə də iqtisadi hərəkətlər var. İnsanlar artıq öz doğma torpaqlarına geri dönürlər və təbii ki, nəqliyyat vasitələrinə də tələbat artır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən il ərzində 90 mindən çox nəqliyyat vasitəsi ölkəmizə idxal olunub: “Təxminən 30 faizi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Təmiz nəqliyyat vasitələrinin sayının çox olmasının ziyanı yoxdur. Şəhər mühitində isə avtomobillərin sayının artması vaxtilə ictimai nəqliyyatda olan problemlərlə bağlıdır. Amma biz artıq görürük ki, avtobus seqmentində və metro seqmentində də müəyyən irəlləyişlər var.

Metroda qatarlar arasında intervallar da azaldılıb. Metroda sərnişin daşımağın daha keyfiyyətli və təhlükəsiz etmək üçün yeni depolar, stansiyalar, tunellərin əsası qoyulur. Həmçinin avtobus seqmentində də Bakı şəhərinə keçən ilin sonunda təxminən 161 ədəd elektro avtobus gətirildi və bundan əlavə avtobusların sayı yenə də artırılır.

İctimai nəqliyyatın potensialı artıqca, fərdi nəqliyyat vasitələrindən də istifadə edənlərin sayı azalacaqdır. Bu proses mərhələlərlə həyata keçirilir. Ümid edirəm ki, ictimai nəqliyyat daha keyfiyyətli olduqca insanlar fərdi nəqliyyat vasitələrinə az müraciət edəcəklər”.

Həmçinin məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev fikir bildirib. O qeyd edir ki, fərdi nəqliyyat vasitələri durmadan artır: "İqtisadiyyatda dayanmadan inkişaf etdiyinə görə hər kəs fərdi nəqliyyat vasitəsi əldə etməyə çalışır. Bu da təbii ki, tıxacların artmasına səbəb olur. Bu isə şəhər sakinlərini çox narahat edir.

İctimai nəqliyyatın işini optimallaşdırmaqla insanlarda ictimai nəqliyyata “inam yaratmaqla bu nəqliyyat vasitələrindən istifadə etməklə rahat gedəcəklər” bu zaman ictimai nəqliyyata daha çox üz tutacaqlar. Bu ümumi sıxlığın qarşısını alacaq".