Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olunub. SİA mövzu ilə bağlı səfərdə iştitak edən nümayəndələrin fikirlərini öyrənib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Respublikası Prezidentinin Siyasi partiyalar və qanunverici orqanlarla əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət müəllimin və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının bilavasitə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərimizə növbəti səfər baş tutdu. Bu dəfəki səfər Laçın rayonuna idi və əslində, bu kontekstdə təşkil olunan altıncı səfərdir. Bundan əvvəl Ağdam, Şuşa, Zəngilan, Xankəndi, Xocalı, Xocavənd və digər işğaldan azad olunmuş ərazilərimiz ziyarət olunub.
Hər səfərdə bu ərazilərdə aparılan abadlıq və yenidənqurma işlərinin necə sürətlə inkişaf etdiyinin şahidi oluruq. Budəfəki səfər çərçivəsində də Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda səlahiyyətli nümayəndəsi bizi müşayiət etdi və görülən işlər barədə ətraflı məlumat verdi. Laçın rayonunda çox yaxın zamanda Laçın aeroportunun istifadəyə verilməsi planlaşdırılır və artıq sınaq uçuşları həyata keçirilib.
Eyni zamanda doğma torpaqlara – dədə-baba yurduna qayıdan insanların məşğulluq probleminin həlli istiqamətində də ciddi işlər görülür. Biz həmin işlərlə də tanış olduq. Fəaliyyətə başlamış müəssisələrə baş çəkdik, yerindəcə məlumat aldıq.
Qeyd edim ki, səfərdə ölkədə fəaliyyət göstərən 24 siyasi partiyanın rəhbərliyində təmsil olunan şəxslər, eləcə də KİV rəhbərləri və nümayəndələri, politoloqlar və tanınmış ziyalılar iştirak edirdi. Bu cür təşkil olunan səfərlər, təbii ki, həm ətraflı məlumat əldə etmək, həm də görülən işlərin miqyasını və nəticələrini yerindəcə qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, biz bu məsələləri gündəlik mediada da ictimaiyyətə çatdırmağa çalışırıq. Görülən işlərlə bağlı ətraflı məlumatlı olmaq isə həmin fəaliyyətlərin hansı istiqamətdə davam etdirilməsinin vacibliyi ilə bağlı yeni təkliflərin və fikirlərin formalaşmasına da kömək edir”.
REAL partiyasının sədri Natiq Cəfərli: “Təbii ki, belə səfərlərin əhəmiyyəti ondan ibarətdir ki, görülmüş işlərlə yerindəcə tanış olmaq fürsəti yaranır. Yerli icra hakimiyyəti nümayəndələri tərəfindən ətraflı məlumat verilir. Görülən və görüləcək işlərlə bağlı bu cür səfərlər, eləcə də qurulan əlaqələr, iqtidarla müxalifət və siyasi partiyalar arasında sağlam, ədalətli münasibətlərin formalaşmasına şərait yaradır ki, bu da sevindirici haldır. Ümumilikdə, bu kimi təşəbbüslər Azərbaycanda siyasi mühitin sağlamlaşdırılmasına xidmət edən mühüm addımlardandır”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn: “Səfər faydalı səfər idi. Bizim aparılan bu bərpa işləri barədə bilgimiz xeyli artdı. Laçın rayon İcra Hakimiyyəti kifayət qədər ətraflı fəaliyyət göstərdi. Müxtəlif obyektlərin, şəhərin göstərilməsi üçün aparılan işlər barədə böyük kinoteatrda təqdimat oldu.
Prinsip etibarilə, sözün doğrusu, pozitiv təəssüratlarla, təsəvvürlərlə qayıtdıq. Mənim şəxsən yeganə deyəcəyim odur ki, insanlarımız hələ ki, 2000 ailə ümumilikdə Laçın rayonuna köçürülüb. O gün olsun gələndə adamlarımızı, uşaqları, yaşlıları aşıb-daşan görək”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Həbib Ələkbərsoy: “Milli təhlükəsizlik və strateji məsələlərdə iqtidar müxalifət bölgüsü ola bilməz. Dövlətçilik maraqları və anti-dövlətçilik mövqeyindən söhbət gedə bilər.
Qarabağ Zəfərimizdən sonra dünyada anti-Azərbaycan qüvvələrin əleyhimizə sərgilədiyi mövqe fonunda Qarabağ bu gün Azərbaycanın milli təhlkəsizlik və strateji maraq məsələsidir. Buna görə də belə bir mühüm məqamda bütün partiyaların birgə Qarabağ səfərləri milli birliyin nümayişini simvolizə edir. Bu baxımdan PA tərəfindən təşkil olunan bu günkü Laçın səfəri olduqca əhəmiyyətli bir tədbirdir. Əlavə olaraq onu qeyd edim ki, səfər zamanı işğaldan azad edildikdən sonra Laçın rayonu ərazisində aparılan quruculuq işləri, eyni zamanda iqtisadi, sosial, mədəni və digər sahələrdə həyata keçirilən layihələrlə yaxından tanış olmaq olduqca qürurverici oldu”.
Ayşən Vəli