“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın ölkəmizə rəsmi səfəri Azərbaycan–İran münasibətlərində yeni mərhələnin başlanğıcıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə qeyd edib ki, prezidentlərin məhdud, eləcədə geniş tərkibdə görüşlərdə, mətbuata verdikləri bəyanatlarda səsləndirilən fikirlər, imzalanmış mühüm sənədlər hər iki dövlətin xoş məramlı əməkdaşlığa, münasibətlərin daha da yaxşılaşdırılmasına önəm verdiyini göstərir.
“Prezident cənab İlham Əliyev bildirmişdir ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Əlbəttə, iki qonşu dövlətin əlaqələrinin sağlam və möhkəm olması nəinki ölkələrin, eləcədə Cənubi Qafqazda sülhün, əminamanlığın, təhlükəsizliyin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Çünki dövlətlərimizi tarixi köklər, oxşar milli–mənəvi dəyərlər, adət-ənənələr birləşdirir və cənub qonşularımızla, qardaşlarımızla olan əlaqələrimiz sarsılmazdır.
İranın bəzi şovinist dairələrinin Azərbaycan–İran münasibətlərinə xələl gətirmək cəhdi uzun müddət davam etməsinə baxmayaraq, bu ölkədə yaşayan milyonlarla soydaşlarımızın taleyi daim bizi düşündürmüş və iranlı azərbaycanlılar da daim bizimlə bir olduqlarını nümayiş etdirmişlər. Belə olan halda İranla münasibətlərin normallaşmasına, yaxşılaşdırılmasına Azərbaycan daim diqqətlə yanaşmışdır. Bu yanaşma sözsüz ki, hər iki dövlətin və xalqların milli maraqlarına uyğundur və insanların ürəyindəndir.
İran Prezidenti mətbuata bəyanatında bunu aydın ifadə edərək bildirmişdir ki, “Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrini düzəldək, “Şimal – Cənub”, “Şərq – Qərb” dəhlizlərini yaradaq”.
Prezidentlərin bəyanatlarında irəli sürülən fikirlər, qaldırılan məsələlər xoşməramlıdır, dövlətlərin inkişafına, xalqların xoşbəxtliyinə, sülhə, əminamanlığa hesablanmışdır. Bu, Cənubi Qafqazda, regionda təhlükəsizliyə zəmanət olmaqla, münasibətləri yenidən qurmaq, haqqı-ədaləti bərpa etmək üçün dünyaya bir mesajdır”, deyə Tahir Rzayev bildirib.