Azərbaycanda qadın voleybolçulardan ibarət yeni yaradılan "DH Volley Baku" klubunun təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə klub prezidenti Şərəf Yalçın, digər rəsmilər, məşqçilər və komandanın üzvləri iştirak ediblər.
Ş.Yalçın yeni yaranan komandaya uğurlar arzulayıb: “Yeni mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyəti həm Azərbaycan milli komandasının üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley Baku” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubun hədəfi qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, yaxın gələcəkdə isə Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”.
Sonda 5 yerli voleybolçu - kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva ilə müqavilə imzalanıb.
Qeyd edək ki, "DH Volley Baku" növbəti mövsüm Azərbaycan Yüksək Liqasında çıxış edəcək.