Azərbaycan-İran əlaqələri: dost və qardaş münasibətləri - ŞƏRH

29 Aprel 2025 14:41 (UTC+04:00)

Sevindirici haldır ki, müstəqil Azərbaycan artıq dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən, mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Bu münasibətlərdən biri də Azərbaycan-İran əlaqələridir.

Azərbaycan ilə İran arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu bağlar orta əsrlərə qədər uzanır. Hər iki xalqın dili, ədəbiyyatı, adət-ənənələri və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu mədəni yaxınlıq ikitərəfli diplomatik əlaqələrin inkişafında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”.

Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.

Azərbaycanla İran arasındakı əlaqələr çox dərin tarixə malikdir. Bu zəmində ədəbiyyat, mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər tellər də inkişaf etməkdədir. Hər iki ölkənin bu sahələrdəki nümayəndələri tez-tez qarşılıqlı səfərlər edir, birgə mənəvi dəyərlərə söykənən əlaqələrə öz töhfələrini verir və yeni-yeni mədəniyyət nümunələri yaradırlar. Bu nümunələr əlaqələrimizin dünənindən bu gününə gələn yola işıq salır, bu gündən sabaha aparan yolun müəyyənləşməsinə öz töhfələrini verir. Təbii ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla - İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu özünü rəsmi dəvətlərdə, görüş və danışıqlarda xüsusilə nəzərə çarpdırır.

Prezident İlham Əliyevin bəyanatda vurğuladığı kimi: "Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan-İran münasibətlərinin konstruktiv ruhda inkişafı təkcə ikitərəfli əlaqələr baxımından deyil, regional kontekstdə də böyük əhəmiyyət daşımaqdadır.

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcək. İran və Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və BMT-də bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətlərini, niyyətlərini ifadə edirlər. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Azərbaycan alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görmüşdür. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilmişdir.

Ölkə başçısı bəyanatda deyib: “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.

Eyni zamanda qeyd edək ki, Azərbaycan və İran prezidentlərinin 2025-ci il aprelin 28-də Bakıda görüşü zamanı iki ölkə arasında tarixi bağların və əməkdaşlığın önəmi haqqında danışıldı.

Bu səfər Azərbaycan-İran münasibətlərinin perspektivi ilə bağlı xoş əhvali-ruhiyyə bəxş etməklə bərabər, həm də belə bir inam yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr bundan sonra daha da inkişaf edəcək, müasir mərhələdə qonşu, dost və qardaş münasibətlərin nümunəsinə çevriləcək.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri