Xəbər verdiyimiz kimi, 26-28 aprel tarixlərində Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağa) ibarət "Şirvan" sazçı folklor qrupu təmsil edib.
“Şirvan” qrupunun uğurlu çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək festivalın əsas mükafatına – Qran-priyə layiq görülüb.
Çıxışına ustadnamə ilə başlayan musiqi qrupu dörd aşıq havasını kompozisiya şəklində təqdim edib. Kollektivin ifasında aşıq sənətinin sinkretikliyini əks etdirən instrumental və vokal ifa, rəqs, eləcə də aktyorluq kimi xüsusiyyətlər yüksək səviyyədə nümayiş olunub. Azərbaycan aşıq sənətinin Şirvan mühiti ənənələrini yaşadan qrupun ifaları iştirakçılar tərəfindən də böyük maraqla qarşılanıb.
Beynəlxalq münsiflər heyətində ölkəmizdən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva (Aşıq Samirə) da yer alıb.
Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi olub. "Şirvan" sazçı folklor qrupuna festivalın baş mükafatının simvolunu və diplomunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Xatırladaq ki, 40-dan çox ölkədən ifaçıların qatıldığı festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşib. Festival çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu və “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” adlı beynəlxalq elmi konfrans da keçirilib.