"Son bir neçə gündə müşahidə etdiyimiz havanın kəskin şəkildə dəyişməsi ilə əlaqədar sağlamlıqla bağlı suallar da gündəmə gəlir. Əhalinin immunitetinin zəif olması, xəstəliklərə qarşı daha həssas olması soyuq havalarda daha çox özünü biruzə verir". Bu sözləri SİA-ya açıqlamasında ailə həkimi Fidan Həsənli deyib.
Bəs bunun üçün nə etmək lazımdır?
Bunun üçün xəstəliklərə qarşı müqavimətin artırılmasına ehtiyac duyulur: "Vitaminlər və vitamin kompleksləri qəbul edə bilərlər. Vitamin D-nin yoxlanılması profilaktiki olaraq ehtiyac duyulur. Eyni zamanda möhkəm bədən müqavimətinin olması üçün balanslaşdırılmış qidadan istifadə edilməlidir. Yəni bir sözlə desək, qidalanmamız zəngin olmalıdır. Bol vitaminli qidalardan istifadə edilməlidir. Yaxşı olar ki, mövsümə uyğun geyinsinlər. Yəni havanın kəskin dəyişməsi ilə əlaqədar insanlar hava proqnozunu izləyirlərsə, buna uyğun geyimlərini tənzimləsinlər. Çünki bu da bizim sağlamlığımıza bir növ təsir edən amillərdən biridir. Yəni biz hava şəraitinə uyğun geyinməsək, bu bizim sağlamlığımıza və ya hər hansısa bir xəstə insanında gedişatına mənfi təsir göstərə bilər. Özümüzü belə havalardan qorumaq üçün ən əsas amillərdən biri yuxu rejimini pozmamaqdır. Əgər insanlar yaxşı yuxularını alarlarsa bu zaman bədən müqaviməti də daha yaxşı olar. Əgər hər hansı bir xroniki xəstəliyi olan insanlar varsa, daimi və mütəmadi olaraq müalicə alırlarsa, həmin müalicələri axsatmamalıdır. Bütün müalicə preparatlarından və ya hər hansısa bir terapiya alırlarsa bu zaman vaxtı-vaxtında etməlidirlər ki, hər hansı bir infeksiyaya yoluxmasınlar".