Yuxunun insan həyatında əsas rolu NƏDİR? - AYDINLIQ GƏTİRİLDİ

29 Aprel 2025 12:06 (UTC+04:00)

"Yuxu insan həyatının əvəzolunmaz bir hissəsidir. O, sadəcə fiziki istirahət deyil, həm də beyində emosional, psixoloji və kognitiv balansın bərpası üçün əsas şərtdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

O bildirib ki, yuxu zamanı beyin gün ərzində toplanmış informasiyanı emal edir, yaddaşı möhkəmləndirir, emosional təcrübələri nizama salır: "Buna görə də yuxu insanın həm psixoloji sağlamlığında, həm də gündəlik həyat keyfiyyətində mühüm rol oynayır.

Mütəxəssislərin tövsiyəsinə görə, böyüklər gündə orta hesabla 7–9 saat arası yatmalıdır. Bu müddət beyində yetərli bərpa proseslərinin baş verməsi üçün optimal hesab olunur. 6 saatdan az və ya 10 saatdan çox yuxu insanın həm fiziki, həm də emosional sağlamlığına mənfi təsir edə bilər. Uşaqlar və yeniyetmələr isə inkişaf mərhələsində olduqları üçün daha uzun — 9–12 saat arası yuxuya ehtiyac duyurlar.

Yuxu rejiminin pozulması, xüsusilə də xroniki yuxusuzluq halları, insanın psixoloji tarazlığını sarsıda bilər. Araşdırmalar göstərir ki, az yatan insanlarda impulsların idarə olunması zəifləyir, təmkinlilik azalır, əsəbilik və aqressiya artır. Belə şəxslər daha emosional qərarlar qəbul etməyə meylli olurlar və nəticədə sosial normalara qarşı çıxmaq riski yüksəlir.

Bəzi elmi tədqiqatlar yuxu çatışmazlığının cinayətkar davranışlarla əlaqəsini də ortaya qoymuşdur. Uzun müddət az yatan və yuxu ritmi pozulmuş insanlarda beynin prefrontal korteksinin funksiyası zəifləyir. Bu bölgə məhz planlaşdırma, nəticə düşünmə və sosial normativ davranışları idarə etməkdən məsuldur. Belə disfunksiya isə impulsiv qərarlar vermə, qanunsuz və riskli davranışlara meylliliyi artırır.

Bu səbəbdən, psixoloji rifah üçün stabil və kifayət qədər yuxu rejimi vacibdir. Öz yuxu gigiyenasına diqqət yetirmək — gün ərzində fiziki aktiv olmaq, axşam saatlarında ekran işığından uzaq durmaq, gecə eyni saatda yatmağa çalışmaq — həm fərdi psixoloji sağlamlığımızı, həm də ümumi cəmiyyət təhlükəsizliyini qorumaq baxımından əhəmiyyətlidir".