"Müsahibə təkcə Azərbaycanda, Çində deyil, dünyanın hər tərəfində diqqətlə izlənilir" - ŞƏRH EDİLDİ

29 Aprel 2025 11:37 (UTC+04:00)

"Prezident İlham Əliyevin Çinə səfəri olduqca uğurlu oldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həm şəxsinə, həm də onun təmsil etdiyi dövlətə Çin kimi dünya nəhəngi, həqiqətən də, çox böyük hörmət, diqqət göstərdi: "Buna bir Azərbaycan vətəndaşı olaraq sevinməyə bilmərik. İkinci tərəfdən də bütövlükdə səfər müddətində Azərbaycan Prezidentinin şəxsinə özəlliklə də medianın diqqəti ayrıca vurğulanmalıdır. CGTN kanalının Prezidentlə daha öncə də müsahibələri olub. Budəfəki müsahibə də təsadüfi deyil. Ona görə ki, CGTN bütün dünyaya yayımlanan ingilisdilli kanal olaraq Azərbaycan Prezidentinin nə qədər uyğun və uğurlu bir müsahib olduğunu dəyərləndirir. Yəni o kanal hər liderdən belə ardıcıl şəkildə müsahibələr almır. Ona görə də, Azərbaycan Prezidentindən bu müsahibə alındı.

Təbii ki, orada qoyulan məsələlər həm ikitərəfli Çin-Azərbaycan münasibətlərinə işıq tutmaq baxımından, həm də Azərbaycanın dünyadakı rolu baxımından çox önəmlidir. Özəlliklə də Prezidentin səfəri çərçivəsində Naxçıvanla Urumçinin şəhərlərinin qardaşlaşması təkcə Azərbaycanda deyil, türk dünyasının hər tərəfində çox böyük təqdirlə qarşılanır. Əlbəttə ki, belə bir şəraitdə Prezident İlham Əliyevin müsahibəsinə də diqqət çox böyükdür. Yəni o müsahibə təkcə Azərbaycanda, Çində deyil, dünyanın hər tərəfində diqqətlə izlənilir, öyrənilir. Düşünürəm ki, dostlarımız da buna baxıb sevinir".