"Tıxacların yaranma səbəbləri çoxdur. Məlumdur ki, burada avtomobillərin sayının çoxluğu ilə deyil, yol infrastrukturunun bugünki tələblərə cavab verməməsi də mühüm amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Digər bir səbəb isə ondan ibarətdir ki, şəhərsalmada olan çoxlu nöqsanlar, irimiqyaslı tədbirlərin şəhərin mərkəzində keçirilməsi bir sıra iri obyektlərin, biznes mərkəzlərinin şəhərin mərkəzində cəmləşməsi də şəhərdə sıxlığa, daha sonra bu sıxlıqlar tıxacların yaranmasına gətirib çıxardır. İlk növbədə bu sıxlığın qarşısını almaq üçün yol hərəkəti iştirakçılarının hərəkətini sabitləşdirmək, onlara şərait yaratmaq, normal qaydada nizam-intizamlı tənzimləyə bilmək üçün ilk növbədə Bakı şəhəri ərazisində və ətraf ərazilərdə tikinti özbaşınalığına son qoymaq lazımdır.
Şəhərsalma və tikinti qaydalarına görə, Bakı şəhəri ərazisində tikilən bütün obyektlərin hamısının istər yaşayış olsun, istərsə də qeyri-yaşayış olsun hamısının parklanma yerləri olmalıdır. Çox təəssüf ki, bu günə qədər də bu problem həll edilməyib. Bir çox obyektlərdə parklanma yerləri mövcud deyil. Olanlar da faktiki olaraq formal xarakter daşıyır, 5-10 maşınlıq parklanma yeri təşkil edirlər. Daha sonra isə o parklanma başqa təyinatı üzrə istifadə olunur. Bundan əlavə olaraq onu da qeyd etmək olar ki, həmin parklanma yerləri daha sonra ləğv olunaraq onun yerində başqa obyekt tikilir. Bununla da parklanma yeri təmin edilmir. Həmin obyektə gələn ziyarətçilər də avtomobillərini çox vaxt məcbur olaraq yol kənarında saxlayırlar. Bununla da artıq həm sıxlıq, həm də tıxaca səbəb olur. İlk növbədə, bu məsələlər həll edilməlidir. Bunlar həll edilmədikcə Bakı şəhərində tıxacların qarşısını almaq mümkün olmayacaq. Avtomobil yollarının da düşünülməmiş şəkildə daraldılması, yol kənarında obyektlərin tikilməsi də tıxacların yaranmasına təsir edir".