Naxçıvan Muxtar Respublikasında (MR) İmmunlaşdırma Həftəsi başlayıb. SİA xəbər verir ki, aksiyanın təşkilində məqsədi peyvəndləmə sahəsində əhalinin maarifləndirilməsi, peyvənddən kənar qalmış uşaqların immunizasiya prosesinə cəlb olunması, eyni zamanda ağır yoluxucu xəstəliklər və onların fəsadlarına qarşı qorunmanın təmin edilməsidir.
Tədbir çərçivəsində valideynlərlə peyvəndin əhəmiyyəti barədə ətraflı söhbətlər aparılıb, onların sualları cavablandırılıb və peyvəndin əhəmiyyəti barədə məlumatlandırma materialları təqdim olunub. Eyni zamanda peyvənd olunmayan uşaqlara uyğun vaksinlər tətbiq edilib.
Qeyd edək ki, İmmunlaşdırma Həftəsi çərçivəsində muxtar respublikanın bütün rayonlarında tədbirlər davam etdiriləcək, peyvənddən imtina edən valideynlərlə görüşlər keçiriləcək, onların narahatlıqları dinləniləcək və maarifləndirmə işləri aparılacaq.