“Bakı: kainat boyunca” adlı psevdoimmersiv tamaşanın premyerası Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasının səhnəsində uğurla baş tutub. Tamaşa Lalə Əliyeva-Klıçkova və Meyxoş Abdullayevin novellaları əsasında səhnələşdirilib və “İki stul” teatr emalatxanasının yaradıcı kollektivi tərəfindən həyata keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşada əsas rolları İsmayıl Əliyev, Anastasiya Lenkovskaya və İnqa Baxoldina ifa ediblər.
Tamaşanın quruluşçu rejissoru Rüstəm İbrahimbəyov Kino Məktəbinin məzunu Lalə Əliyeva-Klıçkovadır. Layihənin prodüserləri Zaur Əliyev və Alyona Xarçenkodur.
Tamaşanın süjeti bəşərin mövcudluğu məsələsini həll edən tale sahiblərinin ətrafında cərəyan edir. Gələcək Bakı sakinlərinin adi hərəkətlərindən asılıdır…
AZƏRTAC-ın müxbiri ilə söhbətində Lalə Əliyeva-Klıçkova keçirilən premyera ilə bağlı təəssüratlarını bölüşüb: “O qədər şadam ki, auditoriyaya çatdırmaq istədiyimiz əsas fikirlər olan bir-birimizi və bizi əhatə edən hər şeyi qorumaq və sevmək, yaşadığımız hər günü dəyərləndirmək və dünyanı daha da gözəlləşdirmək eşidildi və qəbul olundu. Ən qiymətli olan tamaşaçı rəyləridir ki, onlar da yekdilliklə tamaşanın konsepsiyasının yeni və çox maraqlı olduğunu, aktyor oyununun və səhnələşdirilən mövzuların onları dərin emosiyalara qərq etdiyini deyirlər. Bizim üçün tamaşaçı zalında gülüş və göz yaşlarından dəyərli heç nə yoxdur. Bu da o deməkdir ki, qarşıya qoyulan məqsədə nail olmuşuq. Təəssüf ki, “müstəqil” statusumuza görə, hələ ki, teatr səhnələrində tez-tez çıxış etmək imkanımız yoxdur. Amma bir şeyi dəqiq bilirəm ki, fəaliyyətimizi davam etdirəcək və tamaşaçıları sevindirməyə davam edəcəyik”.
Müstəqil “İki stul” teatr emalatxanası 2023-cü ilin mart ayında yaradılıb və xaricdəki rusdilli Teatr Xadimləri Assosiasiyasının üzvüdür. “Bakı: kainat boyunca” tamaşası “O dünyadan gələn qonaq” və “Meri Poppins” tamaşalarından sonra teatrın repertuarındakı üçüncü işdir.