Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığın fəal inkişafına ümid edir. SİA xəbər verir ki, bu barədə Çinin Bakıdakı səfiri Lu Mey bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, təmiz enerji sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik münasibətlərdə mühüm yer tutur.
"Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığın fəal inkişafına, iki ölkənin enerji transformasiyasına və davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə, həmçinin birlikdə təmiz enerji sahəsində qlobal tərəfdaşlığın yaradılmasına ümid edir", - səfir qeyd edib.
O vurğulayıb ki, iki ölkənin "yaşıl inkişaf” konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür və "yaşıl enerji" sahəsində bir-birini tamamlayan üstünlüklər əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Diplomat xatırladıb ki, 2023-cü ilin oktyabrında istifadəyə verilən 230 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası Mərkəzi Asiya və Cənubi Qafqazda bu cür ən böyük layihədir və “yaşıl enerji” sahəsində Çin-Azərbaycan əməkdaşlığının etalonuna çevrilib.
Onun sözlərinə görə, Çin şirkətləri həmçinin Azərbaycanda 240 MVt gücündə külək enerjisi layihəsini həyata keçirir və Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi barədə razılığa gəlib.
"Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycan Energetika Nazirliyi Çin şirkətləri ilə bir sıra əməkdaşlıq sənədləri imzalayıb. Xüsusilə Çin Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə investisiya qoyur və Azərbaycanla enerji saxlama, enerji sistemlərinin planlaşdırılması və ofşor külək enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır", - L.Mey bildirib.
O, həmçinin Azərbaycanda təmiz enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin populyarlığının artdığını qeyd edib.
"NIO avtomobilləri Azərbaycan tərəfinin təşkil etdiyi COP29 konfransının yeganə VIP nəqliyyat vasitəsi olub. BYD şirkəti Azərbaycana 100 ədəd elektrik enerjisi doldurma qurğusu və 160elektrobus tədarükü haqqında müqavilə imzalayıb, həmçinin ölkədə elektrik mühərrikli avtobus istehsalı xəttinin yaradılmasına investisiya qoyur", - səfir əlavə edib.