Hansı hallarda neftin qiymətinin düşməsi manata təsir edir? - ŞƏRH EDİLDİ

28 Aprel 2025 15:42 (UTC+04:00)

"Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin manata təsirini qiymətləndirmək üçün burada qiymətin nə qədər aşağı düşməsini və hansı müddət ərzində bu enişin davam etməsini mütləq qeyd etməliyik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin düşməsinin manata təsir etməsi üçün ən azı bu proses 4-5 ay davam etməlidir: "Həmçinin neftin qiyməti 40 dollar və onun ətrafında aşağı düşməlidir ki, artıq bunun manata təsirləri qaçılmazdır deyə bilək. Amma neftin qiymətinin 60 dollara qədər enməsi, hətta 50 dollara yaxınlaşması, bununla yanaşı bu halın 1 ay kimi davam etməsi hələ manatın dəyər itirməsi demək deyil. Ona görə ki, onsuzda manatın məzənnəsi dollara nəzərən 1,7/1-in 1,7-ə nisbəti formasında müəyyən edilir. Çünki ölkədə makro-iqtisadi tarazlığın qorunub saxlanılması üçün məhz manatın məzənnə stabilliyinin qorunub saxlanılması mütləqdir. Buna görə də neftin qiymətinin 60 yaxud 65 dollara düşməsi hər hansı bir qorxu yaratmamalıdır".