“Azərpoçt”un adından dələduzluq edilir

28 Aprel 2025 16:59 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC adından müxtəlif platformalar üzərindən dələduzluqlar edilir. SİA xəbər verir ki, bu barədə RİNN-nin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir: "Məhsulun ödənişini almaq üçün vətəndaşdan saxta keçidə daxil olaraq bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur".

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından mesajlarla rastlaşdıqda, həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.