Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki həm seysmotektonik quruluş, həm də dərinlik qırılmalarının müxtəlifliyi və geoloji quruluş baxımından Azərbaycanın zəlzələ ocaqlarının oyanması ehtimalı yoxdur. Bu, birinci məsələdir. İkinci məsələ isə odur ki, dünyada mütəmadi olaraq həm güclü, həm də orta güclü zəlzələlər baş verir. Azərbaycanda isə bütün zəlzələ ocaqları seysmik fon səviyyəsindədir". Bunu SİA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Mərkəzin baş direktorunun sözlərinə görə, araşdırmalarımız göstərir ki, ölkəmizdə elə bir seysmogen bölgə yoxdur ki, yaxın zamanlarda orada güclü, dağıdıcı zəlzələ baş verməsi ehtimalı olsun: "Yer daxilində gedən geodinamik proseslər – blokların hərəkəti, enerjinin toplanması, gərginliyin yaranması və qradiyent sahələrinin fərqliliyi baxımından da vəziyyət stabildir. Bütün bu amillər göstərir ki, yaxın zamanlarda Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur.
Zəlzələlər hər zaman olur – elə bir gün yoxdur ki, yer daxilində müəyyən geodinamik proseslər baş verməsin və kiçik zəlzələlər qeydə alınmasın. Ancaq bu zəlzələlərin arasında katastrofik, yəni güclü dağıdıcı zəlzələ ehtimalı mövcud deyil. Hiss olunan xırda təkanlar isə mümkündür və bu normal haldır. Aparılan kompleks tədqiqatların nəticəsi olaraq deyə bilərik ki, insanlar narahat olmasınlar. Yaxın zamanlarda Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur".
Müəllif: Günel Fərzəliyeva