Dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi müzakirə edilib - FOTOLAR

28 Aprel 2025 15:56 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı Qrupu arasında dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ səfəri çərçivəsində Dünya Bankı Qrupunun prezidenti Acay Banqa ilə görüşdə iştirak edib. Görüşə Dünya Bankına daxil olan təşkilatların, eləcə də Azərbaycanın da təmsil olunduğu Seçki Qrupuna üzv ölkələrin mərkəzi bankları və maliyyə nazirliklərinin rəhbər şəxsləri qatılıb.

Qlobal maliyyə gündəminin mühüm mövzularının müzakirə olunduğu bu görüşdə regional tərəşdaşlığın möhkəmləndirilməsinin və dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Cənab Banqa innovativ texnologiyaların, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin tətbiqinin genişləndirilməsinin potensial faydalarına və risklərinə dair fikirlərini də görüş iştirakçıları ilə bölüşüb.

Görüş çərçivəsində, həmçinin Seçki Qrupuna üzv ölkələrdə iqtisadi imkanlar və çağırışlar üzrə fikir mübadiləsi aparılıb.

Sədr müavini görüşün təşkilinə və qaldırılan məsələlərə dair ətraflı münasibət ifadə etməsinə görə Dünya Bankının prezidentinə təşəkkürünü bildirib.