"Vaxt gələcək, bəlkə də şəhərin mərkəzində səkidə skuter sürənlər də öz əhəmiyyətini itirəcək. Çünki şəhər mərkəzində yollar onsuz da dardır və bir çox problemləri köklü şəkildə həll etmək mümkün deyil. Ona görə də yolları daraltmaqla böyük nəticələr əldə etmək mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, bəzi məsələlər var ki, onları köklü şəkildə həll etmək lazımdır və bu məsələlər, açığı, çox da böyük əhəmiyyətli məsələ kimi görünmür: "Çoxları deyir ki, biz skuterlə gedirik və ya velosipedlə işə gedirik. Amma nəzərə almaq lazımdır ki, Bakı şəhərində hava bəzən küləkli olur, yağış yağır. Belə havalarda kostyum geyinib və ya müəyyən bir rəsmi geyimlə skuterlə və ya velosipedlə işə getmək real deyil. Əvvəllər və indi də şəhərdə geniş səkilər var, amma həmin səkilərdə piyadaların hərəkəti çox aktiv deyil. Əslində, səki yalnız piyadaların təhlükəsiz gedişi üçün nəzərdə tutulub. Bəzi xarici ölkələrdə enli səkilərdə həm velosiped, həm də skuter hərəkəti üçün ayrıca yerlər ayrılıb. Amma bizdəki səkilər bu baxımdan o qədər də əlverişli deyil.
Skuterlərin istifadəsinə görə cərimələrin tətbiqi hüquqi məsələdir. Yol hərəkəti qaydalarında kifayət qədər cərimələr nəzərdə tutulub, amma problem ondadır ki, həmin cərimələrin icra mexanizmi çox zəifdir. Qayda var, cərimə var, amma tətbiqi çox aşağı səviyyədədir".