”MTK-ların satdığı obyektlərə qiymət qoymaq məsələsi barədə düşünmək doğru yanaşma deyil. Çünki hazırda elə ərazilər var ki, orada mənzilin bir kvadrat metri 10 000 manata qədər satılır. Qiymət məsələsini bazar iqtisadiyyatında əsasən tələb və təklif qanunları tənzimləyir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Bildiyimiz kimi, Bakıda minik avtomobillərinin sayı kifayət qədər çoxdur. Bu da şəhərin əsas problemlərindən biridir. Minik avtomobillərinin sayının çox olması, eyni zamanda MTK-larda qaraj kimi satılan sahələrin qiymətinin bahalaşmasına səbəb olur.
Əgər bir qaraj yerinə beş nəfər ödəniş etmək istəyirsə, təbii ki, MTK həmin sahənin qiymətini artıracaq. Bu isə təkcə MTK-larda qaraj yerlərinin bahalaşması problemini yaratmır, həm də Bakıda tıxacların daha da artmasına səbəb olur. Tıxaclarda minik avtomobillərinə diqqət yetirdikdə görürük ki, bu nəqliyyat vasitələrinin təxminən 90%-də cəmi bir nəfər olur. Halbuki, həmin bir nəfər ictimai nəqliyyatdan, xüsusilə də avtobuslardan istifadə etməklə də mənzil başına çata bilərdi”.
Ayşən Vəli