"Bu gün cəmiyyət arasında geniş yayılan “gündə mütləq 3 dəfə yemək lazımdır” fikri çox vaxt standart bir yanaşma kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.
O bildirib ki, qidalanma hər bir insan üçün fərdi və çevik şəkildə tənzimlənməli bir prosesdir: "Hər kəsin eyni qrafikdə, eyni miqdarda və eyni saatlarda yemək yeməsi tibbi baxımdan doğru deyil.
Əvvəla, insan orqanizmi metabolizma sürəti, fiziki aktivlik səviyyəsi, sağlamlıq durumu (xüsusilə insulin dirənci, hormonal problemlər, bağırsaq pozuntuları və s.) və hətta psixoloji vəziyyətə görə fərqli ehtiyaclara sahibdir. Bu səbəbdən yemək sayı da fərqli ola bilər.
“3 dəfə yemək” modeli sənaye dövrünün və ofis həyatının nəticəsi olaraq ortaya çıxmışdır. Bu sistemin əsas məqsədi günün iş saatlarına uyğun bir ritm yaratmaq idi. Amma müasir dövrdə insanlar daha çox evdən işləyir, fərqli növbələrlə çalışır və daha çox sağlamlıq problemləri ilə üz-üzə qalır. Bu da qidalanma sistemində dəyişikliklərə səbəb olub.
Hazırda bir çox elmi tədqiqatlar intermittent fasting (aralıqlı oruc) modelinin, yəni gün ərzində 2 dəfə balanslı və doydurucu şəkildə qidalanmanın, qanda şəkərin sabit qalmasına, yağ yandırılmasına və hüceyrə bərpasına müsbət təsir etdiyini göstərir. Bu model xüsusilə insulin dirənci, piylənmə və həzm problemləri yaşayan insanlar üçün tövsiyə olunur".
"Digər tərəfdən, çox tez-tez yemək (gündə 5-6 dəfə) bədəndə insulin səviyyəsinin yüksəlməsinə, enerji dalğalanmalarına və aclıq-həzz balansının pozulmasına səbəb ola bilər. Bu isə uzunmüddətli dövrdə həm çəki artımına, həm də maddələr mübadiləsi pozğunluğuna yol açır.
Nəticə olaraq: Gündə neçə dəfə yemək lazım olduğu sualına tək bir doğru cavab yoxdur. Bu, şəxsi ehtiyaclar, sağlamlıq durumu və həyat tərzinə əsasən həkim-diyetoloq tərəfindən müəyyən olunmalıdır. Ən vacibi: Qida keyfiyyəti, sağlam yağ-protein-karbohidrat balansı, yemək saatlarının bədənin bioloji ritminə uyğun olması, həddindən artıq və ya çox az yeməmək, stresslə deyil, şüurlu şəkildə yeməkdir" - deyə o, əlavə edib.