“Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub

26 Aprel 2025 23:10 (UTC+04:00)

Nizami Kino Mərkəzində polis polkovnik-leytenantı Varis Məcidova həsr olunan “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimat mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nümayişdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev filmin əhəmiyyətindən söhbət açıb. “Sənədli filmlər tarixi yaddaşın formalaşmasına mühüm təsir göstərir. Tarixi qəhrəmanlar haqqında sənədli filmlərin çəkilməsi xüsusi önəm daşıyır. “Qəhrəmanlıq Varislikdir” filmi də bu baxımdan yüksək səviyyədə hazırlanıb”,- deyə C.Quliyev əlavə edib.

Filmin layihə rəhbəri və ideya müəllifi, Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin direktoru Xuraman Osmanova AZƏRTAC-a açıqlamasında ekran əsəri barədə geniş məlumat verib. O bildirib ki, film Rusiyanın Ulyanovsk şəhərində günahsız yerə həbs olunan 46 azərbaycanlının polis polkovnik-leytenantı Varis Məcidov tərəfindən azad edilməsindən bəhs edir.

Xuraman Osmanova Varis Məcidovun göstərdiyi şücaətin əvəzolunmaz olduğunu vurğulayaraq deyib: “O, ağır və çətin şəraitdə öz ailəsinin taleyini düşünmədən dustaqları azad edib Vətənə qaytardı. Onun bu fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Ekran əsərinə Mədəniyyət Nazirliyi tərəfindən rəsmi lisenziya verilib və bu, filmi dünyanın istənilən yerində nümayiş etdirmək hüququnu təmin edir. Yaxın vaxtlarda “Qəhrəmanlıq Varislikdir” filmi Praqada, ABŞ-da, İngiltərədə və Almaniyada da təqdim olunacaq. Gələcəkdə bu sənədli filmin bədii film versiyasının da çəkilməsi arzumdur”.

Filmin rejissoru Nicat Cəlilov vurğulayıb ki, ekran əsərinin çəkiliş prosesi iki ay davam edib, montaj və digər texniki işlərlə birlikdə dörd aya yaxın vaxt çəkib. “Çəkilişlər əsasən Lənkəran və Göyçayda aparılıb. Filmdə 46 nəfərdən həyatda olan şəxslər də iştirak edərək o dövrlərin yaddaşını bölüşüblər. Təəssüf ki, hadisələrin canlı şahidlərindən biri, gəmi kapitanı Hidayət Orucov filmin çəkilişlərindən bir neçə gün sonra dünyasını dəyişib”,- deyə rejissor əlavə edib.

Hadisələrin canlı şahidi, dəmiryolçu Zeynalabdin Məmmədov yaşanan çətinlikləri belə xatırlayıb: “20 Yanvar hadisələri zamanı Ulyanovskda əsir düşdüyümüz vaxt bizim həyatımız Varis Məcidovun müdaxiləsi ilə dəyişib. Filmdə iştirak etmək mənim üçün çox qürurvericidir”.

Varis Məcidovun həyat yoldaşı Nişanə Məcidova filmdən çox təsirləndiyini dilə gətirib. O, filmin hər kadrında keçmişin izlərini və qürur dolu xatirələri yenidən yaşadığını söyləyib.

Tədbir çərçivəsində 238 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub. Eyni zamanda, Milli Qəhrəman Xudayar Yusifzadənin adını daşıyan sinfin şagirdləri müxtəlif rəqs nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.