Prioritetlər sırasında Çin xüsusi yer tutur. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı aparıcının Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevlə bağlı sualını cavablandırarkən qeyd edib ki, o, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynayıb:
"O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. Zənnimcə, bir ildən sonra Çini ziyarət etdi, 1994-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur".
Azərbaycan Prezidenti söyləyib ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib:
"Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı".