Gədəbəy, Ağstafa və Tovuzda "Uşaq İncəsənət Festivalı – 2025" üçün seçim turu keçirilib - FOTOLAR

26 Aprel 2025 12:57 (UTC+04:00)

Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 21-dən "Uşaq İncəsənət Festivalı – 2025"in birinci seçim turuna start verilib və qeydiyyatdan keçən iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər. SİA xəbər verir ki, bununla bağlı aprelin 23-də Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Bundan başqa, aprelin 24-də Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin, aprelin 25-də isə Tovuz rayonu Abulbəyli kənd folklor evinin qarşısında festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclər üçün guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib və sonda seçim turuna baxış keçirilib. Tədbirdən sonra Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə iclas keçirilib.