Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb

26 Aprel 2025 12:39 (UTC+04:00)

Gürcüstana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və komitənin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun (AADF) icraçı direktoru Əkrəm Abdullayev ,eləcə də Azərbaycan səfirliyinin məsul əməkdaşları Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, görüş “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə keçirilib.

Mərkəzin rəhbəri Yavər Məmmədov “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti və görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. Mərkəzin qarşısında duran məqsədlər və vəzifələr barədə rəy və təkliflər qeyd olunub.

Vaqif Seyidbəyov çıxışında bildirib ki, səfər çərçivəsində Gürcüstanın şəhər və kəndlərində DİDK-in layihələri çərçivəsində fəaliyyət göstərən icma mərkəzlərinin fəaliyyəti ilə tanış olub, həmçinin yerli hakimiyyət orqanları ilə soydaşlarımıızın bugünkü vəziyyəti, mövcud problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

“Bu gün icma mərkəzlərində gənclərlə sıx ünsiyyətin olduğunu müşahidə edirik. Komitənin əsas məqsədi gənclərimizə layihələr çərçivəsində Azərbaycan və gürcü dillərini mükəmməl öyrənmələrinə dəstək verməkdir. Bu da gələcəkdə soydaşlarımızın ölkənin tam bərabərhüquqlu bir vətəndaş kimi formalaşmasına öz töhfəsini verəcək” – deyə, Vaqif Seyidbəyov vurğulayıb.

Sonda Mərkəzin şagird və tələbələri Azərbaycan və gürcü dillərində vətənpərvərlik mövzusunda şeirlər söyləyib, səhnəciklər göstərib, bilik və bacarıqlarını nümayiş etdiriblər.