PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqlənib

25 Aprel 2025 15:28 (UTC+04:00)

Nazirlər Kabineti “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.

Həmçinin PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək.

Bu qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:

- maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;

- uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.