"Sahibkarlar günü"nə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

25 Aprel 2025 10:07 (UTC+04:00)

Bu gün Gülüstan sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət rəsmiləri və sahibkarlar iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, 25 aprel Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir. Bu tarix 2002-ci ilin aprelində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla keçirdiyi görüşlə bağlıdır.

Ölkəmizdə sahibkarlığın formalaşmasına və inkişafına öndərlik edən ulu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar, dövlət proqramları, sahibkarlara göstərilən dəstək bu sahənin tənzimlənməsində və inkişafında əhəmiyyətli olmuşdur. Nəticədə ölkəmizin bugünkü tərəqqisində önəmli paya malik olan sahibkarlar sinfi yaranmışdır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu müasir çağırışlar fonunda uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatını daha da gücləndirmək və sahibkarlığın inkişafını təmin etmək üçün mühüm addımlar atıb. Dövlət başçısının rəhbərliyi ilə sahibkarlıq sahəsinə dövlət dəstəyi gücləndirilib, biznesin qurulması və inkişafı üçün imkanlar daha da genişləndirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.

Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83%, məşğulluqda isə 78,6%-dir. Biznes subyektlərinin bölgüsünə əsasən ölkə sahibkarlarının 99,7%-ni mikro, kiçik və orta sahibkarlar (KOB-lar), 0,3%-ni isə iri sahibkarlar təşkil edir.