“Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar verilib

24 Aprel 2025 18:18 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) “Code For Future” layihəsinin növbəti məzun günü keçirilib.

SİA-nın məlumatına görə, bu barədə BDU-dan bildirilib. Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Code For Future” layihəsinin yalnız universitet deyil, bütün ölkə üçün önəmli olduğunu deyib. Bildirib ki, ali təhsil müəssisələrinin məqsədi əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamaqdır. Bu layihə də həmin məqsədə xidmət edir və uğurla icra edilir: “Universitetimizdə “Code For Future”dən sonra “DevEducation” IT kolleci, “Codelandia” kimi layihələr tələbələrimiz üçün yeni imkanlar açıb. Bütün bu təşəbbüslərin keçirilməsində və davam etdirilməsində göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edirik”.

BDU rektorunun rəqəmsallaşdırma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova “Code For Future” layihəsinin 2021-ci ildən uğurla icra olunduğunu və tələbələrin İT biliklərinin artırılmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, layihənin ötənilki məzunları bu gün həmin layihədə müəllim kimi tədris prosesinə cəlb olunublar. Layihənin uğurlu nəticəsi məzunların 90 faizdən çoxunun məşğulluq prosesinə cəlb olunmasıdır. Bu, həm də davamlılığın nəticəsidir. Artıq VI sənaye inqilabının astanasında olan və süni intellekt ilə əhatə olunan dünyada sürətlə inkişaf edən İT sahəsi tələbat deyil, zərurətdir: “Code For Future” layihəsinin məzunlarını BDU-da yüksəkixtisaslı kadr potensialının artırılması işində yaxından iştirakını görməyi arzu edirik”.

“Code Academy”nin biznesin inkişafı üzrə baş direktoru və Akademik şöbənin rəhbəri Tuğrul Kapucuoğlu üç ildən çoxdur davam edən layihənin nəticələri ilə qürur duyduğunu deyib. O bildirib ki, bu illər ərzində ölkənin 6 universiteti üzrə 3 minə yaxın tələbəsi olan “Code For Future”nin məzunlarının əldə etdiyi beynəlxalq sertifikatlar uğurdan xəbər verir: “Məzunlarımıza və layihəmizə qoşulacaq yeni tələbələrə uğurlar arzulayırıq”.

“Code For Future” layihəsinin ötən proqramlarının məzunu olan Elnur Hüseynov uğur hekayəsini bölüşüb, layihədən maksimum yararlanmağı tövsiyə edib.

Layihənin baş koordinatoru Asya Rüstəmova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən layihənin mindən çox məzunu arasında apardığı statistik məlumatlardan ibarət təqdimatla çıxış edib. Bildirib ki, 2021-ci ildən “Code For Future” layihəsinin 2658 məzunu olub ki, onun da 515 nəfəri BDU-nun tələbə və məzunlarıdır. 150 tələbə də beynəlxalq sertifikat əldə edib ki, bu da çox yüksək nəticədir.

Daha sonra layihə çərçivəsində tədrisi başa vuran BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin və SABAH qruplarının “Kompüter elmləri” ixtisasının III kurs tələbələri İzafə Tağıyeva və Ayla Atakişiyevanın hazırladıqları layihələrin təqdimatı keçirilib.

Tədbirin sonunda “Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikatlar təqdim olunub.