“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək

24 Aprel 2025 16:46 (UTC+04:00)

Mingəçevir şəhəri, Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək. Azərbaycan Avarçəkmə Federasiyasından SİA-ya verilən məlumata görə, aprelin 29-da, saat 14:00-da başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı olacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatası aprelin 28-dən mayın 2-dək baş tutacaq. Yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.