"Birgə Bəyanatın imzalamasını yüksək qiymətləndirirəm” - TÜRK POLİTOLOQ DANIŞDI

24 Aprel 2025 16:12 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Respublikası arasında “Əhatəli Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyanat” imzalamasını yüksək qiymətləndirirəm”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “Si, iki ölkənin qarşılıqlı hörmət, ədalət və əməkdaşlığı prinsiplərinə sadiq qaldıqlarını bildirib. O, Çin-Azərbaycan münasibətlərinə strateji və uzunmüddətli baxışla yanaşdıqlarını və bu münasibətləri inkişaf etdirdiklərini qeyd etdi. Əhatəli əməkdaşlıqda yeni bir səhifə açmaq və xalqlara daha çox fayda vermək üçün hər iki tərəfin qarşılıqlı siyasi etimadı artırmalı olduğunu vurğulayan Si, Çin və Azərbaycanın əsas maraqları ilə bağlı məsələlərdə bir-birini dəstəkləməsinin strateji tərəfdaşlığın əsası olduğunu bildirdi.

Si, Çinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edərək, Azərbaycanla “üç pis qüvvə” adlandırılan terrorizm, separatizm və ekstremizm təhlükələrinə qarşı birgə mübarizə aparmaq istədiklərini qeyd etdi.

Hakan Aktürk Azərbaycan Prezidenti İlham Əliyevin də Si Cinpin rəhbərliyi altında Çinin sürətli iqtisadi və sosial inkişaf əldə etdiyini, beynəlxalq nüfuz və təsirini artırmaqda davam etdiyini bildirdiyini qeyd etdi. İlham Əliyev, Azərbaycanın “Bir Çin” prinsipinə sadiq olduğunu və Si Cinpinin ortaya qoyduğu “Bəşəriyyətin ortaq taleyi birliyi”, “Qlobal İnkişaf Təşəbbüsü”, “Qlobal Təhlükəsizlik Təşəbbüsü” və “Qlobal Sivilizasiya Təşəbbüsü”nü dünyanın sülhü, sabitliyi və rifahı üçün imkan yaradan təşəbbüslər kimi qiymətləndirdiyini vurğuladı. Bu fikirləri İlham Əliyev yüksək səviyyəli siyasi liderlik baxışı kimi dəyərləndirdi.

Çin rəhbəri Si, tarif və ticarət müharibələrinin iqtisadi nizamı zədələdiyi barədə xəbərdarlıq etdi. İki liderin gündəmində ABŞ Prezidenti Donald Trampın xüsusilə Çinə qarşı ardıcıl şəkildə qəbul etdiyi tarif qərarlarının dünya iqtisadiyyatında və ticarətində qeyri-müəyyənlik və böhran yaratdığı məsələləri də var idi.

“Azərbaycanla əməkdaşlığa hazırıq” — deyən Çin Prezidenti Si, ölkəsinin beynəlxalq sistemi qorumaq və Azərbaycan tərəfi ilə dərin hüquq-mühafizə və təhlükəsizlik əməkdaşlığı aparmaq istədiyini bildirdi. “Çin, Birləşmiş Millətlər Təşkilatı əsaslı beynəlxalq sistemi dəstəkləmək və beynəlxalq ədalət və haqqaniyyəti qorumaq üçün Azərbaycanla birgə işləməyə hazırdır” dedi.

Hakan Aktürk Azərbaycanın uğurlarından qürur duyduğunu bildirərək, “Bu, Azərbaycan xalqının və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir” dedi”.

Ayşən Vəli