Azərbaycanın turizm imkanları aprelin 23-dən Almatı şəhərində keçirilən və sabah başa çatacaq Mərkəzi Asiya üzrə mühüm turizm tədbirlərindən olan Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə ölkəni Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və agentliyə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC təmsil edir.
Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları tanıdılır, həmçinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.
Sərgi zamanı Agentliyin sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstanın Mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin milli stendi Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ziyarət edib.
Bu ilin I rübündə Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10% çox olub.