Türkmənistan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməyə maraq göstərir

24 Aprel 2025 15:04 (UTC+04:00)

Türkmənistanın milli kosmik agentliyi - "Monacosat" Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") əməkdaşlıq etməyə maraq göstərir. SİA xəbər verir ki, bunu "Monacosat"ın baş direktoru İlhami Aygun Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.

“Azərbaycanın peyk təşəbbüslərində iştirak etdiyimi düşünürəm. Bu ölkə ilə gələcəkdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımız olacaq”, - deyə o qeyd edib.

Qonaq peyk sənayesində uzunmüddətli planlaşdırmanın vacibliyinə diqqət çəkib: “Bir peykin hazırlanıb orbitə çıxarılması təxminən 15 il çəkir. Bu müddət ərzində eyni mövzu ətrafında müzakirələr aparmaqla yanaşı, yeni ideyalar da irəli sürmək lazımdır”.

İ.Aygun geostasionar orbitdə mövqe əldə etməyin əhəmiyyətli olduğunun vurğulayaraq bildirib ki, son illər bu sahədə vəziyyət çətinləşib: “Yalnız suveren ölkələr orbit mövqeyi üçün müraciət edə bilər. Biz 2015-ci ildə 52 dərəcə şərq orbit mövqeyinə tam koordinasiyalı şəkildə müraciət etmişdik”.