"Kondisioner altında uzanıb yatmaq qəti məqsədəuyğun deyil" - AYDINLIQ GƏTİRİLDİ

24 Aprel 2025 14:48 (UTC+04:00)

"Gün qripi deyilən bir ifadə var". Bunu SİA-ya açıqlamasında tibb elmlər doktoru, professor Adil Qeybulla söyləyib.

O bildirib ki, əslində burada hansısa bir virus epidemiyasının yayılmasından söhbət getmir: "Burada söhbət günəş şüası altında uzun müddət qalarkən günvurma və istivurma hadisəsi nəticəsində baş verən qripdən gedir. Günvurma zamanı selikli qişanın bariyer funksiyası da pozulur və nəticədə qıcıqlanma baş verir. Bu, qripə bənzər əlamətlərlə, burunun axması ilə müşahidə olunur. Buna el arasında yay qripi, gün qripi deyirlər. Əslində mahiyyəti bundan ibarətdir.

Amma bəzi şəxslər bunu kondisioner altında yatmaqla qarışdırırlar. Kondisioner altında soyuqdəymə baş verərkən başqa situasiya yaranır. Bu, soyuqdəymə xəstəliklərinə daha uyğun situasiyadır. Belə ki, kondisioner altında yuxarı tənəffüs yollarının həddindən artıq soyuması baş verir və kondisioner yollarında olan müxtəlif infeksiyalar havaya düşərək nəfəs yollarına düşə bilər. Hətta pnevmaniyaya qədər səbəb ola bilər. Kondisioner altında döş qəfəsində mayenin toplanmasına qədər əlamətlər baş verə bilər. Çünki daha çox soyuqdəyməyə uyğundur. Epidemik situasiya deyil, tək-tək baş verən haldır. Bunu gün qripindən ayırmaq lazımdır. Bunlar fərqli şeylərdir.

Hesab edirəm ki, yay, gün qripindən qorunmaq üçün günvurma, istivurmadan qorunmaq lazımdır. Günəş şüaları olarkən xüsusi baş örtüklərindən istifadə etmək, uzun müddət gün altında qalmamaq, xüsusilə başın gün altında qalmasına imkan verməmək çox vacibdir. Kondisioner altında da uzanıb yatmaq qəti məqsədəuyğun deyil. Çünki bu zaman dərin yuxu bəzən insanların bərk soyuqlamasına, xüsusilə də ağciyərlərin soyuqlamasına gətirib çıxara bilər ki, bunlar daha ciddi situasiya yarada bilər".