"Bir qədər öncə belə bir məlumat yayıldı ki, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərə məlumat göndərib ki, "Son zəng" tədbirində uşaqlar məktəbli formasında olsunlar, yalnız milli rəqslərə üstünlük verilsin və s. kimi məlumatlar yayıldı". Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, əslində çox maraqlı məqamlara toxunulmuşdu: "Çox təəssüf olsun ki, məlumat yayıldıqdan sonra Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi elan etdi ki, biz düzgün addım atmamışıq. Nəzərə alsaq ki, məktəblərdə tərbiyə sisteminin tamamilə dağıldığı dövrdə belə addım atılsaydı, əslində çox düzgün addım olardı.
"Son zəng" tədbiri valideynlər və uşaqlar üçün sanki bir moda yarışına çevrilib. Məzunlar yaşlarına uyğun olmayan geyimlər geyinirlər, bir çox halda kriminal aləmə yaxın olan mahnılar səslənir, xarici, bayağı musiqilərin səslənməsi və sair baş verir. Düşünürəm ki, yayılmış məlumatda göstərilən hallarla bağlı Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi artıq indidən məktəblərə məlumat göndərməlidir.
"Son zəng" tədbirində yalnız məktəbli geyimi olsun. Çünki 11 il şagird həmin məktəbli geyimini geyinir. Milli musiqilər əsasında səhnələr hazırlansın. "Son zəng" milli-mənəvi dəyərlərin daşıyıcısı olan bir tədbirə çevrilməlidir. Zamanla görürsünüz ki, hər il "Son zəng"lə bağlı ciddi problemlər çıxır. Valideynlər üçün də böyük yükdür.
Bir "Son zəng"ə hazırlıq valideyn üçün 300 manatdan 500 manata qədər aralıqda dəyişir. Bu, ailələr üçün çox ciddi yükdür. Nəzərə alsaq ki, bir çox hallarda bəzi uşaqlar maddi sıxıntı səbəbindən son zəng tədbirində iştirak edə bilmirlər. Hələ nəzərə alsaq ki, "Son zəng" tədbirindən sonra gecə tədbiri də var. Bu, böyük maddi yükdür. Düşünürəm ki, "Son zəng" tədbirini kifayət qədər məktəbin adına və milli-mənəvi dəyərləri daşıyan tədbirə çevirməliyik. Bu təlimat da indi göndərilməlidir. Çünki hal-hazırda orta məktəblərdə "Son zəng" tədbirinə çox ciddi hazırlıqlar gedir. İnsanlar da bilsin, əlavə xərc çəkməsinlər".