Müasir uşaq oyuncaqları nə qədər çeşidli olsa da, onlar arasında uşaqlara ziyan verə biləcəkləri də çoxdur. Ona görə də oyuncaq alarkən onun görünüşündən tutmuş, materialına və istifadə göstərişlərinə qədər diqqət etmək lazımdır. Bəzi oyuncaqlar da var ki, onlara baxanda "bunu hazırlayarkən nə düşünüblər" sualını verməmək olmur. Həm psixoloji olaraq uşaqları mənfi vərdişlərə öyrədən, həm də görünüşcə heç də birmənalı olmayan bu oyuncaqlar dünyanın bəzi ölkələrində yayılıb. Bəs, hansı oyuncaqlar təhlükəli hesab olunur? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.
Şəhər sakini Qəmər Əliqızı: "Böyüklər velosiped, balacalar skuter istəyir. Ondan balaca uşaqlar isə kuklalar və maşınlar istəyir. Bu oyuncaqları biz hər zaman övladlarımıza almışıq. Bir də oğlan uşaqları, əsasən, top istəyirlər. Təhlükəli oyuncaqlara gəldikdə isə onu deyə bilərəm ki, mən elə oyuncaqları heç bir zaman almamışam".
Şəhər sakini Etibar Əsədov: "Uşaqları zərərli oyuncaqlardan uzaq tutmaq lazımdır. Bəzi uşaqlar var baxırsan ki, qorxulu oyuncaqlarla oynayır və yuxularında da qorxurlar. Yatanda oyuncaq yanlarından çıxır və istər-istəməz onlar qorxurlar. Bu oyuncaqları almaq olmaz. Onların psixologiyasına ciddi təsir göstərə bilər. Onların gələcəyi üçün də bu oyuncaqları almaq düzgün deyil. Oyuncaq alarkən valideynlər uşaqlarına məntiqli oyuncaqlar almalıdır".
Şəhər sakini Mətanət Məmmədova: "Zərərli oyuncaqlar uşaqların psixologiyasına, sağlamlığına da təsir edə bilər. Bu tip oyuncaqlar ölkəyə gətirilməməlidir. Keyfiyyətsiz oyuncaqların qarşısı alınmalıdır. Maarifləndirici oyuncaqlar çoxdu. Valideynlər çalışmalıdırlar ki, maarifləndirici oyuncaqlar alsınlar".
Şəhər sakini Arzu Cəfərova: "Təhlükəli oyuncaqlarla bağlı indi ağlıma bir şey gəlmir. Lakin mən düşünürəm ki, uşaqlara idmanla bağlı oyuncaqlar almaq daha yaxşı olar. Rəngləmə, rəngli oyuncaqlar alınsa daha yaxşı olar. Məncə, bu uşaq beyni, psixologiyası üçün təhlükəli ola bilər. Mən uşaq vaxtı əslində çox oyuncaqlarla oynamamışam. Lakin mənim uşaq vaxtı bir kuklam var idi. Mən onunla daha çox oynayırdım".
Şəhər sakini Leyla Nəcəfli: "Tükü olmayan, plastik olan oyuncaqlar daha təhlükəlidir. Təhlükəli oyuncaqları istehsal etməsələr daha yaxşı olar. Bu, həm də gələcəkdə uşaqlar üçün çox ciddi ziyan verə bilər. Hətta bu, xərçəng xəstəliyinə də gətirib çıxara bilər. Mən uşaq vaxtı ən çox qız kuklalarla oynamışam".
Şəhər sakini Nuray Paşşanlı: "Məncə, uşaqları zərərli oyuncaqlardan uzaq tutmaq lazımdır. Silahlardan, tanklardan və buna bənzər digər oyuncaqlardan uzaq tutmaq lazımdır. Onları maarifləndirəcək, əqli qabiliyyətlərini daha da inkişaf etdirəcək oyuncaqlardan istifadə etmək lazımdır və valideynlər övladlarına belə oyuncaqlar almalıdır. Daha sonra oyuncaq seçərkən onların materialları, keyfiyyəti nəzərə alınmalıdır. Uşaqlara zərər verəcək hər hansısa bir materialdan hazırlanıbsa, bu zaman onu uşaqlara almamaq lazımdır".