“İrəvanda narahatdırlar ki, Azərbaycanla tərəfdaşlıq Çinin bölgədəki proseslərdə təsirini gücləndirəcək və hər şey rəsmi Bakının xeyrinə inkişaf edəcək”
Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına rəsmi səfəri ikitərəfli əlaqələri, xüsusilə ticarət-iqtisadi əlaqələri artırmaqla yanaşı, rəsmi Pekinin Cənubi Qafqazda siyasi baxımdan güclənməsinə də şərait yaradacaq. Çünki bölgənin aparıcı ölkəsi olan Azərbaycanla tərəfdaşlıq münasibətləri Çin dövlətinin bölgədə gedən proseslərə daha geniş çərçivədə qoşulması üçün böyük stimul yaradır. Hazırda dünya siyasətinin müəyyənedici qüvvəsi və iqtisadi hegemoniyası sayılan rəsmi Pekinin bu bölgədə Azərbaycanla səmərəli əməkdaşlığı və imzalanan sənədlərin mahiyyəti rəsmi Bakının xeyrinə olan mühüm dividentlərlə zəngindir.
Gəlin, xüsusilə, Pekində imzalanan Azərbaycan ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanata diqqət çəkək. Çünki bu bəyanatda yer alan müddəalar dünya nəhəngi ilə Azərbaycan arasındakı möhkəm tərəfdaşlıq üçün mühüm bağlılıqları isbat edir. Bu müddəalardakı mühüm bəndlər Azərbaycanın haqq işinə Çin dövlətinin dəstəyini nümayiş etdirir. Diqqət edin. Bu bəyanatda qeyd edilir ki, Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Bunun qarşılığında isə bəyan edilib ki, Çin də Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Bu bəyanatdakı müddəalar artıq onu deməyə əsas verir ki, Azərbaycan dünya güclərindən ən böyüyü ilə güclü tərəfdaşlıq qurub və bu proses bölgədə rəsmi Bakı üçün gələcək fəaliyyət baxımından geniş imkanlar açacaq. Artıq İrəvanda da Azərbaycanla Çin arasındakı güclü tərəfdaşlığın nəticəsində bölgədə bundan sonrakı proseslərin sürətlə Azərbaycanın xeyrinə inkişaf edəcəyindən narahatdırlar. Təkcə erməni mediasına nəzər yetirmək kifayətdir ki, bu narahatlığın ciddi qorxu hissinə çevrildiyini görə biləsən. Ermənistanda anlayırlar ki, Çin kimi supergüclə tərəfdaşlıq quran Azərbaycana qarşı bütün dünyada hörmətsiz hala düşən Emmanuel Makron “öndərliyində” mübarizə aparmaq gülünc və effektsizdir. Əksər Rusiya ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan Prezidentinin son Çin səfəri təkcə rəsmi Bakının siyasi dividentləri ilə zəngin deyil. Bu səfər həm də bölgənin gələcək iqtisadi və siyasi mənzərəsi baxımından da olduqca mühüm və strateji addımdır. Ona görə mühüm səfərdir ki, dünyanın ən böyük oyunçularından biri ilə güclü tərəfdaşlıq əlaqələri qurmaq siyasi mənada böyük gedişdir və bunun nəticələrini çox keçmədən bölgədəki iqtisadi proseslərdə və Rəsmi Bakıya olan siyasi dəstəkdə hiss edəcəyik.
Mətləb Salahov