Niyə bütün dövlət bağçalarında xarici dil öyrədilmir? - EKSPERT DANIŞDI

24 Aprel 2025 12:17 (UTC+04:00)

“Azərbaycanda dövlət uşaq bağçalarında xarici dilin tədris olunmamasının bir neçə obyektiv və subyektiv səbəbi var. İlk növbədə, hazırkı “Təhsil haqqında” Qanun və məktəbəqədər təhsil proqramları çərçivəsində xarici dilin bağça səviyyəsində məcburi tədrisi nəzərdə tutulmur. Əsas vurğu uşaqlarda ilkin sosial bacarıqların, ana dilində ünsiyyətin, psixoloji və yaradıcı inkişafın formalaşdırılmasıdır. Dövlət bağçalarında proqramlar daha çox ümumi tərbiyə, nitq inkişafı, riyazi və məntiqi təfəkkür, incəsənət və fiziki fəaliyyət üzərində qurulub”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Kadr çatışmazlığı da əsas problemlərdən biridir. Xarici dil biliyi olan ixtisaslı məktəbəqədər təhsil müəllimlərinin sayı məhduddur və dövlət bağçalarında onların maaşları kifayət qədər cazibədar deyil. Müasir pedaqoji yanaşmalar göstərir ki, erkən yaş dövrü xarici dil öyrənmək üçün çox əlverişli olsa da, bu sahədə ölkədə müəllim hazırlığı və resurs təminatı zəifdir. Üstəlik, bağçalarda sinif ölçüsü, dərs mühiti və resurs çatışmazlığı kimi çətinliklər də bu prosesə mane olur.

Dünya təcrübəsində, xüsusilə Skandinaviya ölkələrində, Almaniya və bəzi Asiya ölkələrində erkən yaşdan xarici dil öyrədilməsi geniş yayılıb və effektiv nəticələr verir. Finlandiya, İsveç, Almaniya kimi ölkələrdə dövlət bağçalarında xarici dil tədrisi dövlət proqramı ilə dəstəklənir və dövlət büdcəsindən ayrılan xüsusi vəsait hesabına həyata keçirilir. Lakin bu ölkələrdə həm maddi-texniki baza, həm də müəllim hazırlığı səviyyəsi çox yüksəkdir.

Azərbaycanda isə əsasən özəl bağçalar bu sahədə daha aktivdir və valideynlərin əlavə ödənişləri hesabına xarici dil dərsləri təşkil olunur. Dövlət bağçalarında isə bunun kütləvi şəkildə tətbiqi üçün əlavə maliyyə resursları, kadr hazırlığı, proqram təminatı və qanunvericilik dəyişikliyi tələb olunur.

Əgər dövlət bağçalarında xarici dil tədrisi geniş tətbiq olunsa, bu, uşaqların dil bacarıqlarını erkən yaşda inkişaf etdirməyə, beynəlxalq rəqabətə daha hazırlıqlı olmalarına və gələcəkdə daha çox seçim imkanına sahib olmalarına səbəb ola bilər. Bunun üçün dövlətin məqsədyönlü siyasəti, ixtisaslı müəllimlərin hazırlanması və maliyyə dəstəyi vacibdir. Hazırda bu istiqamətdə kompleks islahatlara ehtiyac olduğu aydındır”.

Ayşən Vəli