"Hər bir xalqın milli-mental dəyərləri, onun tarixində yaşadığı təcrübələr, mədəniyyəti və dini inancı ilə formalaşır. Bu dəyərlər, zamanla imperiya işğalları, xarici təsirlər və daxili inkişafla dəyişir. Azərbaycan xalqı da tarixən bir çox mədəni təsirlərdən keçmişdir". Bu sözləri SİA-ya açıqlamasında sosial və milli dəyərlər məsələləri üzrə ekspert Ramal Əliyev deyib.
Onun sözlərinə görə, fars, rus, monqol, ərəb və türk işğalları, həmçinin şərq və qərb dünyasının mədəni təsirləri, Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Bu işğalların nəticəsində xalqımız bir çox mədəniyyətlərdən dəyərlər mənimsəmiş və bu da milli kimliyimizin tərkib hissəsi olmuşdur: "Azərbaycan xalqının əsas inancı İslam dini, müqəddəs kitabı isə Qurani Kərimdir. Bu inanc, xalqımızın həyatını və gündəlik adət-ənənələrini formalaşdıran mühüm meyardır. Bu baxımdan, adət-ənənələrimizin çoxu İslam dininə uyğun olaraq inkişaf etmişdir. Lakin zamanla bəzi yanlış adət və dəyərlər ortaya çıxmış, bu dəyərlər əsasında cəmiyyətin davranış qaydaları müəyyənləşmişdir.
Azərbaycan cəmiyyətində zaman-zaman belə bir yanlış adət formalaşmışdır ki,valideynlər öz övladlarını böyüklərin yanında qucaqlamamalıdırlar, onlarla oynamaqdan çəkinməlidirlər,xüsusən də həyat yoldaşlarının adını çəkərkən “üzür istəyirəm” ifadəsini işlətməlidirlər. Bunun səbəbi, bir çox insanın inandığına görə, böyüklərin yanında belə davranışların düzgün olmadığı düşüncəsidir. Lakin, Quran və hədislərə nəzər saldıqda şahidi oluruq ki,İslam dini və onun müqəddəs kitabı bu cür bir qayda və qadağanı təsdiqləmir. İnsanlar arasında normal əlaqələrin qurulması, həmçinin övladlar arasında sevgi və bağlılıq göstərmək heç bir zaman günah sayılmamışdır. Əksinə, İslamın insanları sevgi və mərhəmətə dəvət edən prinsipləri, ailə daxili münasibətlərin sağlam və səmimi olmasını təşviq edir. Övladların qucaqlanması, onlarla oynanması,böyüklərin yanında həyat yoldaşının adının çəkilmısi və valideynlər arasında normal ünsiyyət qurulması heç bir dini və əxlaqi pozuntuya səbəb deyil.
Bir çox adət zamanla cəmiyyətin bir hissəsinə çevrilir və əksər insanlar buna “ənənə” olaraq yanaşır. Lakin hər bir ənənənin dərin bir mənası və əslində doğru olan bir mənbəyi olmalıdır. Bəzi adətlər, köhnə zamanlardan gələn və heç bir dini və mədəni əsasə malik olmayan yanlış anlayışlar nəticəsində yaranmışdır. Bu cür adətlər və inanclar, zamanla cəmiyyətdə qəbul edilərək, yeni nəsillərə ötürülür. Bu yanlış adətlərin davam etməsi isə, cəmiyyətin inkişafına mənfi təsir göstərə bilər.
İslam dini, insanları hər zaman doğru yoldan getməyə və öz əxlaqi dəyərlərini qorumağa çağırır. Əgər bir adət və ya ənənə, Qurani Kərimin və Peyğəmbərimizin (s.ə.s) prinsipləri ilə ziddiyyət təşkil edirsə, o zaman bu adətləri gələcək nəsillərə ötürməməliyik. Ailədə və cəmiyyətdə münasibətlər, qarşılıqlı hörmət, sevgi və anlayış üzərində qurulmalıdır. Övladlarımıza doğru dəyərləri öyrətmək, onları sağlam əxlaqa, mərhəmətə və dürüstlüyə yönəltmək ən mühüm vəzifəmizdir.
Nəticə olaraq onu da qeyd edim ki,Azərbaycan xalqının milli-mental dəyərləri, tarix boyu bir çox xarici təsirlər və mədəniyyətlərlə şəkillənmişdir. Lakin, bu dəyərləri formalaşdırarkən, hər zaman İslamın doğru prinsiplərinə və Quranın təlimlərinə söykənməliyik. Adət-ənənələrimizin böyük əksəriyyəti İslam dininə uyğun olsa da, zamanla yanlış adətlərin və dəyərlərin cəmiyyətdə yer etməsi mümkündür. Bu cür yanlış adətlərin qarşısını almalı, gələcək nəsillərə doğru və sağlam dəyərləri ötürməliyik. Yalnız bu halda, xalqımızın mədəniyyəti və kimliyi daha sağlam və davamlı olacaqdır".